Tərəvəzin konteynerlərə qablaşdırılması onların nəqliyyata yüklənib-boşaldılmasının mexanikləşdirilməsinə və beləliklə də itkinin azaldılmasına imkan verir. Həmin məhsul anbarda konteynerlərdə saxlanılır. Tərəvəz qablaşdırılmış yeşiklərə etiket yapışdırılır, yəni markalanır. Burada tərəvəzin sortu, netto və brutto çəkiləri (netto-yalnız malın çəkisi, burtto-mal və qabın birlikdə çəkisi), qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunur.
Səbzə tərəvəz bitkiləri, o cümlədən turpca, habelə çoxillik bitkilərin məhsulu 50-200 qramlıq dəstələrə bağlanır (Şəkil 6.6). Dəstə bağladıqda köklər bir tərəfə, yarpaqlar digər tərəfə düzülür, bağlamaq üçün söyüd çubuqlardan, kəndirdən, çildən, yumşaq alüminium məftildən, sintetik liflərdən və s. istifadə olunur. Dəstə bağlanmasa məhsul tez əzilir, yarpaqlar köklərə qarışıb çirklənir. Lakin dəstə bağlamağa çox əmək sərf edilir.
Müxtəlif tərəvəzin az miqdarını isti havalarda qarğı, söyüd, gərməşov çubuğundan düzəldilən səbətlərdə açıq havalarda daşımaq çox əlverişlidir. Bu səbətlər 10-50 kq-lıq olmaqla, yaxşı havalanırlar. Göyərtinin bu cür səbətlərdə qablaşdırılaraq daşınması daha yararlıdır.
Son zamanlar istər yarpaqlı. istərsə də kökümeyvəli tərəvəzlərin qablaşdırılmasında polietlen torba və vakumlardan geniş istifadə edilir (Şəkil 6.7).
Tərəvəzin daşınması. Tərəvəzin istehlakçıya keyfiyyətli halda çatdırılması işində daşınmanın əhəmiyyəti böyükdür. Çünki, tərəvəz respublikanın iri sənaye şəhərlərinə əsas istehsal bölgələrindən aparılır. Tərəvəzin qablaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Tərəvəzin daşınmasında tətbiq edilən tara növləri məhsulun quruluşundan asılı olaraq müxtəlifdir. Bu məhsul, əsasən 3 qaydada - taralarda, tarasız və konteynerlərdə daşınır.