Ölçüyə görə çeşidləmə - tərəvəzlər keyfiyyətinə görə çeşidləndikdən sonra ölçüsünə görə çeşidlənir, yəni məhsul kalibrləşdirilir. Bəzən kalibrləşdirici maşınlardan istifadə edilir və iri, orta və xırda olmaqla ən azı 3 ölçüdə çeşidlənir. Tərəvəz bitkilərinin əmtəə etimalına onların qəbulu, çeşidlənməsi, qablaşdırılması və markalanması aid edilir.
Tərəvəz yığıldıqdan sonra təxmini olaraq yoxlanılır və müvafiq standart əsasında sortlaşdırılır. Bu məqsədlə üzərində olan torpaq qurudulur. Kökümeyvəlilər torpaqdan təmizlənir, havada qurudulur və baş hissədə yarpaq qrupu 1-1.5 sm, ağ baş kələmdə isə 2 sm kötük hissə qalmaq şərtilə kəsilir (Şəkil 6.4).
Ağbaş kələm həm tarlada (yığılan vaxt) həm də kötük hissə kəsilən zaman standarta görə sortlara ayrılır. Bürüşməsin deyə, saman və ya ağac kəpəyi ilə qablaşdırılır. Ağbaş kələmi əvvəlcə soyuqda saxlayıb sonra çeşidlər üzrə ayırırlar. Soyuqda saxladıqda kələmin iç yarpaqları ağarır və kələm bərkiyir. Qış üçün saxlanılan kələmin üzərində 2-3 yapışmayan yarpağın olmasına icazə verilir.
Tərəvəzin qablaşdırılması. Başqa yeyinti məhsulları kimi, tərəvəzin də keyfiyyətli halda istehlakçıya çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə malikdir. Tərəvəzlərin qablaşdırılmasında müxtəlif taralardan istifadə olunur. Taralarda daşınma və saxlanma zamanı itki azalır və məhsul yaxşı qalır. Bu məqsədlə müxtəlif yeşiklərdən, səbətlərdən, kisələrdən, habelə konteynerlərdən istifadə edilir (Şəkil 6.5). Kələm və yerkökü üçün 10-15 kq tutumlu bölməli yeşiklərdən istifadə olunur. Ağbaş kələm dəmir və su yolu nəqliyyatı ilə daşınmaq üçün 50 kiloqramlıq yeşiklərə qablaşdırılır. Avtomaşınlarda daşıdıqda kisələrdən istifadə edilir.