Açıq və örtülü torpaq sahələrində tərəvəz bitkilərinin aqrotexnikası bu qruplar üzrə öyrənilir və təşkil edilir.
Təsərrüfatlarda becərilən hər bir tərəvəz sortu torpaq-iqlim şəraitinə və aqrotexniki tədbirlərə qarşı müəyyən xüsusiyyəti ilə səciyyələnir və tələbat göstərir. Əgər sort bioloji xüsusiyyətləri ilə bu və ya digər rayonun təlabatına cavab vermirsə, onda həmin bitki (tərəvəz) ona çəkilən zəhməti və pul vəsaitini doğrultmaz və gözlənilən nəticəni verməz. Bu baxımdan ayrı-ayrı rayonlarda becərilən tərəvəz sortlarının xüsusiyyətləri haqqında bilik əldə edilməsi çox vacibdir.
Tərəvəz sortları mənşə və inkişafetmə xüsusiyyətlərindən asılı olaraq daxil olduğu cinsin və növün əlamətlərini özündə daşıyır ki, bu morfoloji əlamətlərə görə sortlar seçilir və təsvir edilir. Həmin əlamətlərə zoğ, yarpaq (iriliyi, forması, tüklülük dərəcəsi, yarpaq ayası, səthin kənarı, kənar dişlər, kəsimlilik, yuxarı kəsiklər, aşağı kəsiklər, saplaq oyuğu, saplaq), meyvə (iriliyi, forması, rəngi, qabığı, ləti, dadı), həmçinin aqrobioloji xüsusiyyətə daxil olan vegetasiya müddəti daxildir.
Qeyd olunan xüsusiyyətlərlə yanaşı sort seçimində yüksək keyfiyyət göstəricilərinə malik, yüksək məhsul alınmasını təmin edən, əlverişsiz mühit şəraitinə, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hubridlərə üstünlük vermək lazımdır. Yarpaqlı tərəvəz bitkilərinin sort seçimində daha çox yüksək yarpaqlanma xüsusiyyətinə, dad keyfiyyətinə, zərif lətə, zəngin kimyəvi tərkibə, bununla bərabər tezyetişən və maşınla yığıma yararlı sortlara önəm verilir.