İkillik bitkilər - əsas kələm növləri, çuğundur, yerkökü, cəfəri, kərəviz, turp, rus turpu, şalğam, kasnı, kəvər və s. bitkilər (Şəkil 1.8).
Bunlar cücərmədən yeni toxumların yetişməsinə qədər olan ömrünü iki ilin vegetasiya dövründə və bunların arasında bir payız-qış dövründə tamamlaya bilir.
Birinci ilin vegetasiya dövründə yarpaq qrupu və əsas əmtəə hissələrini (kökmeyvə, soğanaq, kələm başları və s.) əmələ gətirir və payız-qış dövründə iri bitki halında nisbi sükunətə keçib böyümədən gözləyir. Lakin payız-qış dövründə uzun müddət davam edən +2° C, +6°C temperaturda istilik mərhələsi keçirlər və ikinci ilin vegetasiya dövrü başlayan kimi yenə böyüyür, sonra çiçəkləyir və yayda toxum verib quruyur. Uzun müddət aşağı temperaturda qalmasalar özəkləyib toxum verə bilmir.
Çoxillik bitkilər - tərxun, nanə, quzuqulağı, qulançar, razyana və s (Şəkil 1.9). Bunlar bir dəfə əkildikdə həmin yerdə 3-20 il məhsul verir, hər il payızda yerüstü hissə quruyur, kök sistemi isə ehtiyat qida, rütubət və tumurcuqlar saxlayıb yazda yenidən yerüstü hissə əmələ gətirir. Bu bölgü şərti olub əsasən şəraitdən asılıdır. Bütün birillik və ikiilliklər də müəyyən şəraitdə, xüsusən istixanada çoxillik olur.
Birillik bitkilər monokarp, ikiillik bitkilər isə polikarpdırlar.