Bitki xəstəlikləri və onlara qarşı mübarizə ilə fitopatologiya elmi məşğul olur. Fitopatologiya yunan sözü olub (phuton-bitki, patos - xəstəlik, loqos-elm), bitki xəstəlikləri haqqında elmdir.
Bitki xəstəliyi pataloji proses olub, bitki, xəstəlik törədici və ətraf mühit amillərinin təsiri altında baş verir.
Xəstə bitki - özünə məxsus bioloji sistemdir, onun çərçivəsi daxilində bitki və patogenin (xəstəlik törədən orqanizm) böyüməsi və inkişafı baş verir. Bu isə bitkinin və ya onun ayr-ayrı orqanlarının formasının dəyişməsi, böyüməsinin pozulması ilə nəticələnir.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləri müxtəlif mikroorqanizmlərdir: göbələklər, bakteriyalar, viruslar və s.
Xarici mühit amilləri içərisində temperatur və rütubət göbələklərin inkişafında önəmli yer tutur. Göbələklər geniş temperatur həddi (2+ 40°C) daxilində inkişaf etsələrdə, onların böyümə və inkişafı üçün 18-20 °C temperatur optimal hesab olunur.
Bir çox göbələklərin inkişafında rütubət amili həlledicidir. Göbələklərin əksər nümayəndələri yalnız damcı su, yüksək rütubət, şeh şəraitində cücərir və bitkiləri sirayətləndirir (yoluxdurur). Torpaqda yaşayan göbələklər üçün torpağın turşuluğu mühüm əhəmiyyət kəsb edir. torpaq turşuluğunun zəif olması (ph 4,0-6,0) torpaq göbələklərinin əksəriyyəti üçün əhəmiyyətlidir.
Bitki zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri ilə entomologiya elmi ilə məşğul olur. Entomologiya sözü yunan sözlərinin birləşməsi olub həşərat aləmindən bəhs edir. entomologiya sözünün yunanca mənası – entomon – həşərat, loqos – elm deməkdir.
Zərərverən orqanizmlərə qarşı səmərəli mibarizə tətbiq etmək üçün həşəratın həyat tərzi və inkişaf şəraitini bilmək lazımdır. Belə ki. həşərat istiqanlı olmadığı üçün bədəninin temperaturunu nizamlaya bilmir. Odur ki, havanın temperaturu nə qədər olarsa həşəratın bədəninin temperaturu da o qədər olur.
Əksər həşərat +10 +35°C temperaturda normal yaşayır. Temperatur +35°C -dən artıq olduqda, yaxud +10°C-dən aşağı düşdükdə həşəratın orqanizmində fizioloji və bioloji proseslər dayanır. Yəni həşərat öz fəallığını itirir. Müsbət 35°C ilə 50°C temperatur arasında həşəratda müvəqqəti keyimə baş verir və temperatur 50°C-dən yuxarı olduqda isə həşərat yaşaya bilmir, məhv olur. Temperatur azaldıqda həşəratın inkişafı, yüksək temperatura nisbətən ləng gedir. Əksər həşəratın yaşayışı üçün rütubət 35-75%-dir. Normadan artıq rütubət həşərata pis təsir edir.
Yarpaqlı tərəvəz bitkiləri əsasən unlu şeh, ramulyarioz, bakterioz, serkosporoz, pas və bir sıra başqa xəstəliklərlə sirayətlənir.