Orqanik tərəvəz istehsalının əsas mahiyyəti növbəli əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsi, btkilərin xəstəlik və zərərvericilərə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbiqi, gübrələrin, herbisidlərin, boy stimulyatorlarının, əlavə qarışıqların azaldılması və.s. prinsipinə əsaslanır. Mineral gübrələr tələb olunan normadan artıq tətbiq edilərsə, bu bir sıra aqro-ekoloji və sanitar-gigiyenik problemlər yaradır.
Normadan artıq gübrələmə apardıqda mineral gübrələrin torpaqda qalıq təsiri hesabına torpağın münbitlik göstəriciləri pisləşir. Həmçinin, torpaqda qalan mineral gübrələr atmosfer və hidrosferi çirkləndirir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olur. Torpağa verilən mineral gübrələrin bitkilərin tərkibində qalıq təsiri nəticəsində məhsulun keyfiyyəti pisləşir. Nəticədə, sanitar-gigiyenik normalara cavab verməyən, ekoloji cəhətdən çirkli məhsullar istehsal olunur. Bu da insanların və kənd təsərrüfatı heyvanlarının sağlamlığına mənfi təsir göstərir.
Aparılan tədqiqatların nəticələri göstərir ki, torpağa verilən azot gübrələrinin yalnız 40%-i bitkilər tərəfindən mənimsənilir, qalan hissəsi qaz birləşmələri şəklində atmosferə qalxır və ya mütəhərrik halda torpaq horizontları ilə aşağıya doğru yuyulır.
Mineral azotun intensiv istifadə olunduğu ərazilərdə mövcud olan qrunt sularında nitratların toplanması halları daha çox nəzərə çarpır. Yeraltı sular hesabına formalaşan şirin su hövzələrində nitratların toplanması sanitar-gigiyenik problemlər yaradır. Nəzərə alsaq ki, bir çox ölkələrin dövlət standartlarına uyğun olaraq içməli suyun tərkibində olan nitratların buraxıla bilən həddi 25-45 mq/l qəbul edilmişdir. Şirin suyun tərkibində qeyd olunan həddən artıq nitratların toplanması sanitar gigiyenik baxımdan olduqca təhlükəli hesab olunur.
Mineral gübrələr torpağın ağır metallarla və toksiki elementlərlə çirklənməsində əsas mənbə hesab olunur. Ağır və toksiki metallarla çirklənmiş torpaqlarda becərilmiş bitkilərdə bu elementlər məhsul vasitəsilə ilə insan və heyvan orqanizmlərinə keçərək sağlamlığa ciddi ziyan vurur.
Ağır və radioaktiv elementlər |
Tərəvəz bitkilərində yol verilən hədd |
Ağır və radioaktiv elementlər |
Tərəvəz bitkilərində yol verilən hədd |
Hg | 0,02 | Ni | 0,5 |
Cd | 0,03 | Se | 0,5 |
Pb | 0,5 | Cr | 0,2 |
As | 0,2 | Al | 30 |
Cu | 10 | Ft | 2,5 |
Zn | 10 | İ | 1 |
Fe | 50 | Ni | 0,5 |
Sn (qalay) | 200 | Se | 0,5 |
Sb (antimon-sürmə) | 0,3 | Cr | 0,2 |