Gicitkən bitkisindən maye gübrənin hazırlanması.
Bu gübrə yazda və yayda yaşıl gicitkən kütləsindən hazırlanır. Gübrənin hazırlanması zamanı ağac, plastmas, gil və ya şirəli qablardan istifadə olunur. Metal qablardan istifadə etmək məsləhət görülmür, ona görə ki, gicitkənin cövhəri metalla reaksiyaya girə bilər. Bir kq təzə gicitkənin doğranmış kütləsinin 10 litr su olan qaba tökərək saxlayırlar. Yaxşı olar ki, yağış suyu, çökdürülmüş su yaxud günəş altında isidilmiş sudan istifadə olunsun. Qıcqırma prosesi qurtarana qədər cövhərin içərisinə xırda həşəratların düşməməsi üçün qabın ağzını torla örtmək lazımdır. Qabda saxlanan kütləni hər gün yaxşı qarışdırmaq zəruridir. Parçalanma prosesi getdiyi üçün cövhərin xoşagəlməz iyi olur. Bu iyi aradan qaldırmaq üçün qarışığın üzərinə bir çimdik daş tozu, yaxud 50 qr valerian ekstraktı əlavə etmək məsləhətdir.
Məhlulun tünd rəngə boyanması və köpüyün yox olması q ıcqırma prosesinin axıra çatmasını göstərir. Adətən, bu proses 10-14 gün davam edir. Qıcqırma prosesi günəş altında daha tez gedir. Bundan sonra qabın ağzını səliqəli örtmək lazımdır (əgər qapaq kip bağlanıbsa, hava daxil olması üçün deşiklər açılır). Bitki yarpaqları üzərinə çiləmə aparmaq üçün məhlul cunadan süzülür və bir litr cövhər 20 litr su ilə durulaşdırılır. Maye gübrə ilə suvarma aparılan zaman məhlulun süzülməsinə ehtiyac qalmır. Bu halda 1litr cövhər 10 litr suda duruldulur. Cövhərin duruldulması onun istifadə olunması ərəfəsində aparılmalıdır. Gicitikəndən hazırlanmış maye gübrə bitkinin boyunu tənzimləyir və ona sağlamlaşdırıcı təsir göstərir. Torpaqları bu cövhərlə suvardıqdan sonra yağış qurdlarının (soğulcan) miqdarı artır. Gicitkən cövhəri lobya, noxud, soğan və sarımsaq istisna olmaqla tərəvəz bitkilərinin əksəriyyətinə, eləcə də çiçəklərə müsbət təsir göstərir. Bir sıra bitkilərdən də (çobanyastığı, xəndəkotu) eyni qayda ilə həlim və cövhərlər hazırlanaraq bitkilərə çilənir.
Ekoloji kənd təsərrüfatında bitkilərin qidalandırılmasına yanaşma ənənəvi (adi) kənd təsərrüfatının metodlarlndan mahiyyətcə xeyli fərqlidir. Ənənəvi kənd təsərrüfatında bitkilərin bilavasitə qidalanması başlıca olaraq asan həll olunan mineral gübrələrdən istifadə etməklə təmin edilir. Ekoloji kənd təsərrüfatı isə bitkiləri, torpağın orqanizmlərini üzvi maddələrlə qidalandırmaqla, bilavasitə ( dolayısı ilə) qida ilə təmin edir.