Çürümə prosesinin sürətlənməsi üçün topaya yığıb su və təzə peyinlə isladırlar. Kəpəyi torpaqla birlikdə lay-lay yığmaq faydalıdır. Yay ərzində yığılmış bitki qalıqlarını da əlavə etməklə topanı iki dəfə qarışdırırlar. Kəpək turş reaksiyalı olduğu üçün ona əhəng və ya təbaşir (bir vedrəyə 120-150 q) əlavə edirlər. Üzvi gübrə kimi istifadə üçün ağacqabığı(meşə təsərrüfatı və ya ağac emalı sənayesinin tullantıları) kompostlaşdırılır. Qabığı(75%nəmlikdə) 10-40 sm uzunluqda xırdalayıb digər üzvi materiallarla qarışdıraraq kompostlaşdırırlar.
Kompost. Kompostlar müxtəlif üzvi materiallardan hazırlanır (Şəkil 4.29). Zərərverici və xəstəliklərlə zədələnməmiş bitki qalıqlarını, quş zılını, peyni və digər materialları düz səth üzərində arasını çim torpaq və ya torfla laylaşdıraraq yumşaq topaya yığırlar (qalaq). Topanın (qalağın) alt hissəsini 10-12 sm qalınlıqda yarpaqlardan, kəpəkdən və ya torfdan ibarət döşəmə təşkil edir.
Maye yaşıl gübrələr. Maye yaşıl gübrə ekoloji kənd təsərrüfatında kifayət qədər geniş tətbiq olunur. Belə gübrələr bitki tərəfindən asan mənimsənilir və onlar bitkilərin intensiv boy atmasını təmin edir. Maye yaşıl gübrə müxtəlif bitkilərdən (məsələn: gicitkən, xəndəkotu və s.) hazırlanır. Onun tərkibində çoxlu miqdarda azot və kalium elementləri vardır. Bu gübrələrdən bitkilərin suvarılmasında birbaşa kökdən, onun duruldulmuş cövhərini bitki üzərinə çiləməklə yarpaqları vasitəsilə kökdən kənar yemləmə həyata keçirilir. Maye bitki gübrəsi ilə çiləmə ekoloji təsərrüfatlarda səmərəli üsullardan biri sayılır. Yarpaqların çilənməsi 2-3 həftədən bir aparılır.
Səbzə tərəvəz bitkiləri torpağın münbitliyinə, strukturuna çox tələbkar olduğundan, peyinlə (və ya digər üzvi gübrə ilə) və ya üzvi çürüntülərlə zəngin torpaqlarda bitir. Bu səbəbdən də peyin və üzvü çürüntülərlə zəngin torpaqlarda becərilən səbzə tərəvəzlərin becərilməsində mineral gübrələrdən istifadəyə ehtiyac yoxdur. Yerkökü və çuğundur bitkisi də qida maddələrilə zəngi torpaqlarda becərildikdə yüksək dozada mineral gübrələrdən istifadəyə ehriyac duyulmur.
Tərxun bitkisi üçün düzəldilmiş bir hektar sahəyə 50-60 ton üzvi gübrə, nanə bitkisinə əsas gübrə kimi hektara 20-60 ton peyin, ağ baş kələm üçün isə 30-50 ton üzvi gübrə verilməlidir.