Torf, lil. Torfun tərkibində bitkilər üçün mənimsənilən qida elementlərinin az olmasına baxmayaraq, o, humusun miqdarını artırır və torpağın strukturunu yaxşılaşdırır (Şəkil 4.25). Torfun tünd rəngdə olması istinin udulmasına və torpağın tez isinməsinə yardım edir. Torfu bataqlıqlardan yığaraq lay-lay sərib qurudurlar və ya kompost tığına (qalağına) əlavə edirlər. Yaddan çıxartmaq lazım deyil ki, ona əhəng əlavə etmək lazımdır. Lil göllərin, çayların, kanalların dibində toplanır. Onun tərkibində çoxlu çürüntü, azot, kalium və fosfor var. Qısa müddətli qurutma prosesindən sonra onu qumsal torpaqlarda (3-4 kq/m2) müvəffəqiyyətlə istifadə etmək olar. |
Yarpaqlı və çimli torpaq. Peyinin çatışmaması zamanı yarpaqlardan ibarət yarpaqlı torpaq çürüntüsünü hazırlayırlar (Şəkil 4.26). Bunun üçün payızda yarpaqları bir topaya yığaraq kipləşdirirlər və üzərini torpaqla örtərək qış boyu saxlayırlar. Yazda topaları yava ilə çevirirlər: çürüməmiş yarpaqlar alta sərilir, daha yaxşı çürümüşləri isə üstə sərib topanı qara rəngli plyonka (pərdə) ilə örtürlər. Vaxt keçdikdən sonra yarpaqlar tünd rəngli çürüntü kütləsinə çevrilir. Çim laylarını 10 sm qalınlığında kəsib aralarına peyin verərək qalağa yığırlar. Sentyabr ayında qalağı çevirirlər, oktyabrda isə çim torpağının bir hissəsini əvvəlcədən ələkdən keçirərək istifadə etmək olar.
Sideratlar. Bu birillik və ya çoxillik paxlalı bitkilərin (yazlıq noxud, yemlik paxlalılar, çölnoxudu, acıpaxla, seradella və s.) torpağa basdırılmış bitki kütləsindən ibarət əla növ üzvi gübrədir (Şəkil 4.27). Öz təsirinə görə sideratlar demək olar ki, təzə peyinə bərabərdir. Sideratların bitki kütləsinin tərkibində olan qida elementləri torpağa düşüb tədricən parçalanaraq, sonrakı bitkilər üçün mənimsənilən hala keçirlər, üzvi sideral maddə isə torpaq strukturunun bərpa olunmasına yardım edir. Bəzi sideral bitkilər (acıpaxla, qarabaşaq, xardal) az mütəhərrik torpaq fosfatlarının bitkilər tərəfindən mənimsənilməsini və həllolunması artırır, acıpaxla isə kaliumun çətin mənimsənilən formalarını istifadə edə bilir.
Taxta kəpəyi və ağac qabığı. Taxta kəpəyi torpağın münbitliyini əhəmiyyətli dərəcədə artıra bilən, onun hava keçirməsini və rütubət tutumunu yaxşılaşdıran ucuz üzvi gübrədir (Şəkil 4.28). Lakin onu torpağa tam çürümüş və ya digər üzvi materiallarla qarışıqda vermək olar.