Səbzə tərəvəz bitkiləri torpağın münbitliyinə, strukturuna çox tələbkar olduğundan, bitkiləri peyinlə (və ya digər üzvi gübrə ilə) və ya üzvi çürüntülərlə zəngin, alaqsız, su ilə təmin olunmuş və bərabər suvarıla bilən sahələrdə yerləşdirmək lazımdır. Hektara 25-30 ton peyin çürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq kalium gübrəsi verilir. Bitkilər zəif böyudükdə azotlu və kaliumlu gübrələrin qarışığı ilə yemləmə aparılır. Kalium gübrəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini artırır. Yemləmə məqsədilə hektara cərgəaralarına 200 kq ammonium şorası və 100 kq kalium gübrəsinin qarışığı verilir, torpaqla qarışdırılır və sahə suvarılır. Bu iş məhsul yığımına azı 15-20 gün qalmış qutarmalıdır.
Tərxun bitkisi - üçün düzəldilmiş bir hektar sahəyə oktyabr-noyabr aylarında 50-60 ton üzvi gübrə, 300-400 kq superfosfat, 100 kq kalium gübrəsi verib, 30-35 sm dərinliyində şumlanmalıdır.
Nanə bitkisinə - əsas gübrə kimi hektara 20-60 ton peyin N45 P45 K45 dozasında mineral gübrələrlə birlikdə yaxud da hektara 90-120 kq hesabı ilə azot, fosfor və kalium gübrələri verilməlidir.
Razyana bitkisi altına ancaq mineral gübrələrin verilməsi məsləhət görülür. Əsas gübrə kimi 40-50 kq fosfor və kalium gübrələri verilir. Azot gübrəsi (N 40-50 kq) isə yazda kultivasiya altına verilir.
Reyhan qida maddələrinə və çox tələbkardır. Hektardan 20 ton kütlə məhsulu verərsə, torpaqdan 110 kq azot, 22 kq fosfor və 211 kq kalium aparır. Qida maddələrinin çox hissəsi qönçələmədən texniki yetişkənliyə qədər olan müddətdə sərf edilir.
Kərəviz bitkisinə - hər biçildikdən sonra (yarpaq forması) yemləmə gübrəsi verilməlidir. Kökmeyvəli forması becərilən sahələrə isə kompleks gübrə tətbiq edilməlidir
Cəfəri bitkisinə - yemləmə gübrəsini birinci seyrəltmədən dərhal sonra tətbiq etmək lazımdır. Bunun üçün 1 m2 sahəyə 10 qram amonium şorası, 10 qram superfosfat və 30 qram kalium duzu tətbiq edilir. Mineral gübrəni küllə də əvəz etmək olar.
Turp - yaxşı inkişaf etməsi toxum səpilməmişdən qabaq əsas şum altına dənəvərləşdirilmiş superfosfat gübrəsi ( 4-5 q/m2 ) verilir. Vegetasiya dövründə isə 20-30 q/m2 azotlu gübrə, 15-25 q/m2 fosforlu, 15-20 q/m2 kaliumlu gübrələr tətbiq edilir.
Ağbaş kələm - tərəvəz bitkiləri içərisində qidaya, torpaq münbitliyinə ən tələbkar bitkidir. Bir hektardan 70 t məhsul və digər yaşıl kütlə verir və bu məhsulla 630 kq təmiz N, P2O5 və K2O çıxarır. Ağbaş kələmin bir hektar sahəsinə gübrələrin təsiredici maddə hesabı ilə təxmini miqdarı N-70-90 kq, P-60-90 kq, K-90-120 kq-dır.