Kalium çatlşmadıqda bir çox tərəvəz bitkiləri göbələk xəstəliklərinə asanlıqla yoluxur. Həmçinin, bitkidə qocalma kaliumun miqdarının azalması, kalsiumun miqdarının isə artması ilə əlaqədardır.
Kaliumlu gübrələrdə aşağıdakı qədər K2O vardır: kalium-xlorid - 53-57%, kalium - sulfat - 45-50%, kalium-şorası - 46,5%, kalium duzu - 30-40%, silvinit - 22-28%, odun külü - 7-8%.
Maqnezium (Mg) - xlorofil molekulunun tərkibinə daxil olub fotosintezdə iştirak edir. Əsasən kalium-maqnezium konsentratının tərkibində vardır.
Bor (B) - bitkilərdə tozlanma və mayalanma prosesini sürətləndirir. Bor çatışmadıqda bitkinin anatomik quruluşunda çatışmazlıqlar meydana çıxır, ikiillik tərəvəz bitkilərində çatışmadıqda onlar az toxum verir. Çuğundurda bor çatışmadıqda onda özək çürüməsi xəstəliyi əmələ gəlir.
Dəmir (Fe) - tənəffüs prosesində mühüm rol oynarır. Xlorofil əmələ gətirən fermentlərin əsas rərkib hissəsini təşkil edir. Tərəvəzlərdə dəmir çatışmazlığı nəticəsində boy maddələrinin sintezi gecikir. Bu zaman yarpaqlar açıq sarı rəngdə olur.
Mis (Cu) - bitkidə sulu karbonların və zülalın mübadiləsini yaxşılaşdırır, tənəffüsün intensivliyini artırır. Mis çatışmazlığı nəticəsində təzə cücərtilər məhv olur.
Manqan (Mn) - bitkidə fotosintez, tənəffüs və nitrat azotunun mənimsənilməsini gücləndirir.
Molibden (Mo) - kök yumrusu bakteriyalarının fəaliyyətini və zülalın sintezini sürətləndirir. Kəskin çatışmazlıq şəraitində bitkilərin mərkəzi yarpaqları burulur və spirala bənzəyir.
Kalsium (Ca) - bir çox fermentlərin aktivliyini və bitkilərin soyuğa, quraqlığa, habelə göbələk xəstəliklərinə davamlılığını artırır.
Bir çox bitkilər vardır ki, onlar indiqator xüsusiyyətinə malikdirlər. Belə ki, gicitkən (dalamaz forması - Urtica dioica), çəmən otu (Anthríscus), xaçgülü (Senécio), qatıqotu (Gálium aparíne), sirkən (Átriplex), yandırıcı qaymaq çiçəyi (Ranúnculus ácris) azotla zəngin torpaqlarda, yabanı kök (Dáucus caróta) və çoban yastığı (Ánthemis) azotla kasıb torpaqlarda yayılıb inkişaf edirlər.
Torpağı uzun müddət istismar etdikdə ondakı mineral maddələr tükənir, bitkinin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Ona görə də bitkiləri qida maddələri ilə təmin etmək üçün mineral gübrələrdən istifadə edilir.