Mnorma = Mnorma + 𝟎.𝟏∗ Mnorma = 𝟒𝟒𝟓.𝟓 + 𝟒𝟒.𝟓 = 𝟒𝟗𝟎 𝒎𝟑/𝒉𝒂
Hesablama nəticəsində alınan rəqəm yekun suvarma normasıdır.
Suvarma suyunun keyfiyyəti. Suvarılan torpaqların şorlaşma səbələrindən biri suvarma suyunun keyfiyyətidir. Suvarma suyu ilə birlikdə torpağa bitkilər üçün ən zəhərli xloridlər, sulfatlar və soda kimi duzlar daxil ola bilər və orada toplanar.
Suvarma üçün suyun yararlı olmasına qiymət verərək becərilən bitkinin növünə nəzər salmaq lazımdır. Belə ki, bəzi bitkilər duza davamlı, digər bitkilər isə bunun əksinə olaraq davamsızdır. Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri içərisində çuğundur duza davamlılığı ilə seçilir.
Suvarma suyunda duzların ümumi miqdarı 1 q/l-dən artıq olmamalıdır. Artıq olduqda suvarma suyunun tərkibində hansı duzlardan nə qədər miqdarda olmasını bilmək lazımdır. Onu da qeyd edək ki, suvarma suyunun tərkibində olan duzların miqdarı icazə verilən həddə olmalıdır. Aparılmış tədqiqatlara əsasən duzluluğun 200-500 mq/l-ə qədər olan hidrikarbonatlı sular suvarma üçün yararlıdır. Belə sular şoranlaşma əmələ gətirmir, bioloji prosesləri ləngitmir. Ancaq duzluluğu 1000 mq/l olan xloridli-natriumlu, sulfatlı-natriumlu sular suvarma üçün yararlı deyildir. Onu da qeyd edək ki, tərkibində çoxlu natrium və kalium olan su tərkibində kalsium və maqnezium olan suya nisbətən duzları çox çökdürür. Bu halda torpaq çox bərkiyir və bunun nəticəsində gələcəkdə torpağın becərilməsi və suvarılması çətinləşir, bitkinin böyüməsi üçün şərait pisləşir. Qurumuş torpağın səthində çökmüş duzlar “ağ qələvi”adlanan ağ örtük əmələ gətirir. Çökmüş karbonat turşusu kalsium və maqnezium çatışmadıqda “qara qələvi” adlanır. Belə torpaqlarda mineral kübrələrin balansı gözlənilməlidir.
Zəif qələvi sulardan suvarma üçün istifadə etmək yaxşı nəticə vermir. Məsələn tərkibində soda olan sularla suvarma aparıldıqda torpağın fiziki – kimyəvi xassələri pisləşir, münbitliyi aşağı düşür. Belə sularla suvarılan sahələr şoranlaşmaya məruz qalır.
Əgər suvarma suyunda karbonat ionu 60 mq/l, yaxud hidrokarbonat ionu 240 mq/l, yaxud xlor ionu 150-dən 300 mq/l-ə qədər olarsa, o zaman suvarılan torpağın əkin qatının şoranlaşması 3000 m3/ha suvarma normasında bir mövsüm ərzində baş verəcəkdir.
Bitkilər üçün ziyanlı ionlardan başqa tərkibində çoxlu miqdarda natrium duzları olan suvarma suyu ilə birlikdə torpağa çoxlu miqdarda natrium da daxil olur ki, bu da onun fiziki xüsusiyyətlərinin pisləşməsinə səbəb olur və şorakətləşmə prosesi baş verir.
Bir çox rayonlarda suvarmada artezian və subartezian sularından istifadə edilir. Bu suların bir qismi duzlarla zəngindir və uzun müddət istifadə edildikdə torpaqda şoranlaşma əmələ gətirir. Suvarmada işlədilən artezian və subartezian suları vaxtaşırı yoxlanmalıdır. Respublikamızda suvarma üçün istifadə edilən suyun əksəriyyəti demək olar ki, çay sularının payına düşür. Buna görədə duzlu sulardan az istifadə edilir.
Suvarma suyunun keyfiyyət göstəricilərinin əsasən onun tərkibindəki üzvi, mineral madələrin miqdarı ilə müəyyənləşdirilir.