Sərinləşdirmə məqsədilə vegetasiya suyu arasındakı vaxtda quru, isti havada az su norması ilə (30-100 m3/ha) yağış yağdırma üsulu ilə verilən su sərinləşdirici su adlanır. Bu zamanlar yarpaqlar sərinləşir, torpaqdan bitki ona vacib olan elementləri normal alır, havanın nisbi rütubəti artır.
Bitkinin vəziyyətlərindən, onun növündən, inkişaf fazasından asılı olaraq suvarmanın vaxtını və verilən suyun normasını müəyyən edirlər.
Payız, qış qabağı və erkən yaz əkinləri təbii rütubətin çox, buxarlanmanın isə az olduğu müddətdə soyuğa davamlı bitkilərin (yerkökü, çuğundur, kələm kimi) kütləvi tez cücərməsinə və həmin rütubət hesabına xeyli böyüməsinə şərait yaradır. Bu halda alaqlarla mübarizə də xeyli asanlaşır, lakin rütubət rejimi, süni suvarma yolu ilə nizamlanır. Çoxillik tərəvəzlər (tərxun, nanə) sahələri dekabr-yanvar aylarında hektara 700-1000 m3 su verilməklə qış aratına buraxılmalıdır.
Kələm, kökümeyvəlilər və çoxillik tərəvəz bitkiləri nisbi sükunət dövründə temperatura, rütubətə, işığa, habelə qidaya tələbkar olmur, əksinə soyuğa, istiyə, quraqlığa, kölgəyə, davamlı olur, yaşıl bitki halında isə işığa, suya, qidaya və istiliyə tələbkardır.
Kökümeyvəli tərəvəz bitkilərinin suvarılmasında vaxtın düzgün seçilməsinə və bol suvarmaya riayət etmək lazımdır. Əks halda istədiyimiz keyfiyyətli və yüksək məhsuldarlığı əldə edə bilmərik. Ümumiyyətlə, kökümeyvəlilər üçün torpağın optimal tarla rütubət tutumu 70-75% qəbul edilib.
Toxum səpiləndən sonra və bitkilərin ilk inkişaf fazalarında hər hektara az norma ilə tez-tez suvarmaq lazımdır. Bitkilər böyüdükçə suvarma müddəti uzadılır (10-12 gündən bir), hər hektara su norması artırılır. Kökmeyvəsinin intensiv formalaşdığı dövürdə suvarma 7-10 gündən bir, isti yay günlərində isə 3-4 gündən bir həyata keçirilir. Kökmeyvəsinin yetişdiyi dövürdə suvarma arası müddət 12-15 gün olur.
Yerkökü quraqlığa nisbətən davamlı bitkidir, ancaq bununla belə, yüksək məhsul almağın şərti torpaqda kifayət qədər nəmliyin olmasıdır. Bunun üçün 1 m2 sahəni 10 litr olmaqla müntəzəm suvarmaq lazımdır. Belə ki, qumsal torpaqlarda 1-2 gündən bir, gillicəli torpaqlarda isə 3-4 gündən bir suvarılmalıdır. Suvarmanı isə axşam üstü aparmaq məsləhət görülür. Eybəcər və çatlamış kökmeyvəsinin əmələ gəlməsi, bitkinin böyümə dövründə rütubət kifayət etmədikdə (torpaqdan lazım olan rütubəti almaq üçün yan köklər əmələ gətirir, bu isə kökümeyvənin xarici görünüşünü və dad keyfiyyətini pisləşdirir (Şəkil 4.1). Düzgün suvarılma aparılmadıqda (həddən artıq suvarıldıqda, yaxud uzun müddət suvarmayıb, birdən çox su norması ilə suvardıqda); suvarma düzgün normada aparılıb, lakin azot gübrəsi normadan artıq verildikdə, torpağa xlor tərkibli gübrələr verildikdə, torpaqda turşuluq artdıqda baş verir.
Torpaqda nəmlik az olduqda turpun meyvələri acılaşdığı üçün günaşırı, kərəvizin kök forması kökmeyvəsi əmələ gətirdiyi dövrdə torpaqda yüksək nəmlik tələb etdiyi üçün isə 2-3 gündən bir, isti yay günlərində hər gün suvarma tələb edir.