Bitkilər o vaxt tərəvəz sayıla bilər ki, onların tərkibi insan orqanizminin normal böyüməsi və inkişafı üçün vacib olan sulu karbonlar, zülallar, yağlar, vitaminlər, mineral duzlar, üzvi turşular, spesifik dad və ətirverici maddələrlə zəngin olsun. Bir çox tərəvəz külünün tərkibində 60-a qədər makro və mikro elementlərin olması müəyyənləşdirilmişdir. Yarpaqlı və kökü meyvəli tərəvəz bitkiləri (kələm, ispanaq, kahı, kərəviz) kalsium duzları ilə daha zəngindir. Kahı, ispanaq, qırmızıbaş kələm və turpda isə dəmir daha çoxdur (Şəkil 1.1.). Tərəvəz bitkilərinin tərkibində orta hesabla 1,4% fruktoza, 1,9% qlükoza, 2,8% saxaroza vardır. Saxaroza əsasən çuğundurda rast gəlinir. Digər tərəvəz bitkilərində isə ən çox rast gələn şəkər fruktozadan və qlükozadan ibarətdir. Ətirli maddələr tərəvəzin istehlak dəyərini artırmaqla yanaşı, onların həzm qabiliyyətini yaxşılaşdırır. Tərəvəzin ətirliyi onların tərkibində efir yağlarının olması ilə izah edilir. Ədviyyəlı tərəvəzlərdən cəfəri, kərəviz, şüyüd və reyhanda orta hesabla 0,05-0,5%, və ağ turpda 0,05% efir yağı olur. Göy tərəvəzlər də C vitamininin mənbəyi sayıla bilər. Kələmdə, yarpaqlı və ədviyyəli tərəvəz bitkilərində C vitamini çoxdur. Gül kələmdə 70 mq%, göy soğanda 60 mq%, cəfəridə və şüyüddə 150 mq%, ispanaqda 50 mq% C vitamini vardır. |