Biçin qalıqları (saman, çiyid qabığı, yığılmış bitkilərin gövdə və qalıqları) əla mulçadır. Xəstə bitki qalıqları diqqətlə seçilməlidir! Paxlalı bitkilərin qalıqları xüsusilə yaxşıdır (Şəkil 3.27); Ağac kəpəyi ən çox istifadə edilən mulça olmaqla, açıq rəngli olduğu üçün torpağın çox qızmasına imkan vermir və bitkilər üçün sərinlik şəraiti yaradır (Şəkil 3.28). Bu materiallar cərgəarasına və bitkilərin dibinə eyni qaydada yayılmalı və torpaq səthində qalınlığı 3-5 sm olmalıdır. Eyni zamanda belə materiallar işlənib torpağa qatılır və üzvi gübrə kimi münbitliyi artırır. Lakin böyük sahələrə vermək üçün çoxlu miqdar üzvi qalıq tələb olunur. Ağac kəpəyindən eyni zamanda torpaqda qələviliyin aşağı salınmasında istifadə edilir. Torpaqda ph >6,5 (turş) olduqda isə əhənglə bir yerdə istifadə edilir. Təzə biçilmiş ot bir az solmalıdır ki, çürümə prosesi və ya göbələk xəstəliklərinin əmələ gəlməsinin qarşısı alınsın (Şəkil 3.29). Təzə biçilmiş otla yağmurlu hava şəraitində mulçalama aparmaq olmaz! Biçilən bitkilər toxumsuz olmalıdır! Xəzəl əvvəlki bəndin xəbərdarlığını yaddan çıxarmayın. Bundan əlavə, bu materialla küləkli havada və ya küləkli sahədə, ümumiyyətlə, mulçalamanın aparılması əhəmiyyətsizdir. Lakin ən başlıcası, əksər bitkilərin yarpağı torpaqda turşuluğu artırır (Şəkil 3.29). Tərkibində digər bitki və mikroorqanizmlər üçün toksiki maddələr olan bitkilərin (söyüd gülü, qara bəngotu, gənəgərçək) və ya fıtonsidlərin (evkalipt, dəfnə, şabalıd, ardıc, akasiya, yunan qozu, sərv ağacı) yarpaqları ilə mulçalama aparmaq olmaz; Qara sellofan torpağı gübrələmir və ən başlıcası, baha başa gəlir (sellofan bir ildən sonra çatlayır və cırılır) (Şəkil 3.31). |