Hörmətli oxucu!
Vətənimiz Azərbaycan ənənəvi kənd təsərrüfatı ölkəsidir. Kənd təsərrüfatının əsas sahələrindən biri olan tərəvəzçilik isə insanı qiymətli qida məhsulları, konserv sənayesini isə xammalla təmin edir. Bu səbəbdən də peşə məktəblərində tərəvəzçilik mütəxəssisi yetişdirmək və istehsalatda fəaliyyətini asanlaşdırmaq üçün tərəvəz bitkilərinin becərilməsini özündə əks etdirən modul tipli dərs vəsaitinə böyük ehtiyac var.
Tərəvəz bitkilərinin becərilməsini asanlaşdırmaq üçün onlar təsərrüfat nişanələrinə və aqrotexniki xüsusiyyətlərinə görə qruplaşdırılır. Belə ki, tərəvəz bitkiləri yeyilən hissələrinə, yəni təsərrüfat nişanələrinə görə də müxtəlifdir. Tərəvəz bitkilərinin aqrotexnika sistemini elə qurmaq lazımdır ki, onun yeyiləi hissəsi tez yetişsin, məhsuldar və keyfiyyətli olsun. Məsələn, ispanaq, acıtərə cücərmədən təqribən bir ay sonra yeyilən yarpaq, turpca 25-30 gündə, turp və kök isə 70-110 gündən sonra yeməyə yararlı kökmeyvə əmələ gətirir. Bu bitkilərin məhsul verməsi üçün onların çiçəkləməsi lazım gəlmir, əksinə onlar çiçəkləyəndə kök meyvələri yeyilmir. “Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri” modlunun hazırlanmasında bu xüsusiyyətlər nəzərə alınmışdır. Modulda yarpağı yeyilən tərəvəz bitkiləri qrupuna aid olan kəvər, ağbaş kələm, qırmızıbaş kələm, savoy kələm, Çin kələmi, şüyüd, kişniş, ispanaq, kahı, reyhan, mərzə, acıtərə, tərxun, nanə, razyana bitkiləri, bunlardan başqa, kərəviz, cəfəri və çuğundurun yarpağı yeyilən formaları, kökümeyvəsi yeyilən tərəvəz bitkilərindən isə kök, cəfəri, kərəviz, çuğundur, turp, turpca və rus turpu haqqında geniş məlumat verilmişdir.
“Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri” modulunda yarpaqlı və kökümeyvəli tərəvəzlərinin sort nümunələri, çoxalması, becərilmə aqrotexnikası, suvarılması, gübrələnməsi, xəstəlik və zərəvericiləri, onlara qarşı mübarizə tədbirləri, yığılması, saxlanması və emalı haqqında ətraflı məlumat verilmiş, hər mövzuya uyğun sərbəst işlər, praktiki tapşırıqlar öz əksini tapmışdır.
Əziz şagirdlər! Siz bu modulda tədris olunan elementi öyrənməklə yarpaqlı və kökümeyvəli tərəvəz sortlarını sort seçmə meyyarlarından istifadə edərək tanıyacaq, onların çoxalma üsullarını və qulluq işlərini həyata keçirə biləcək, yeni suvarma və müasir gübrələmə sistemi haqqında məlumat əldə edəcəksiniz. Yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin toxum materialına olan təlabatının öyrənilməsi, su və gübrə normalarının hesablanması kimi praktik vərdişlərə yiyələnəcək, bitkilərin müxtəlif qida maddələrinə olan ehtiyacını müəyyən edə biləcəksiniz. Siz qeyd olunan bilik və bacarıqlara yiyələnməklə, gələcəkdə ixtisaslı kadr kimi aqrar sahədə peşə fəaliyyətini uğurla davam etdirə biləcəksiniz.