Torpağın xırdalanması zamanı iri kəltənlər xırda hissəciklərə parçalanır və eyni zamanda yumşaldılır. Xırdalama həm torpağın əkin qatında, həm də ayrı-ayrı qatlarda su-hava rejimini yaxşılaşdırır. Xırdalama müxtəlif formada laydırı olan kotanlar, diskli malalar, frezerlər və s. vasitəsi ilə aparılır (Şəkil 3.2). Torpağın yumşaldılması onun su-hava rejimini yaxşılaşdırmaq üçün lazımdır. Yumşaldılmış torpaqlarda havalanma yaxşı getdiyinə görə mikroorqanizmlərin fəaliyyəti güclənir, bioloji proseslər fəallaşır və bitkilər tərəfindən mənimsənilə bilən qida maddələrinin miqdarı artır. Torpağın yumşaldılması, laydırlı və diskli kotanlardan, müxtəlif markalı malalardan, kultivatorlardan, üzləyicilərdən və digər alətlərdən istifadə etməklə yerinə yetirilir (Şəkil 3.3.). Torpağın qarışdırılması eyni cür əkin qatı yaratmaq və ya hər hansı maddəni əkin qatında bərabər paylamaq lazım olduğu halda aparılır. Torpağa üzvi və mineral gübrələr, habelə əhəng, gips və s. verdikdə onu mütləq qarışdırmaq lazım gəlir. Torpağın qarışdırılması ön kotancığı olmayan kotanlar, diskli üzləyicilər, kəsəkli diskləri olan ağır malalar və s. vasitəsilə yerinə yetirilir (Şəkil 3.4.). |
Sıxlaşdırma çox yumşaq torpaqlarda, toxum ilə torpaq arasında əlaqə yaratmaq və torpağın küləklə sovrulmasının qarşısını almaq üçün aparılır.
Xırda toxumlu bitkilər üçün torpağın səpinqabağı kipləşdirilməsi, toxumların normal dərinliyə basdırılmasına və onların torpaqla təmasda olmasına əlverişli şərait yaradır.
Torpağın sıxlaşdırılması müxtəlif cür səthə, ölçüyə və çəkiyə malik olan vərdənələr vasitəsilə aparılır.
Torpağın səthinin hamarlanması toxumları bərabər dərinliyə basdırmaq, suyun sahədə bərabar paylanmasını təmin etmək, vegetasiya müddətində bitkilərə daha yaxşı qulluq etmək və s. üçün əlverişli şərait yaratmaq məqsədilə aparılır.
Səthi hamar olan sahələrdə torpağın istiliyi, hamar olmayan sahələrə nisbətən artıq olur.
Torpaq səthinin əsaslı hamarlanması buldozer və qreyderlərdən, cari hamarlama isə malalardan, kultivatorlardan, vərdənələrdən istifadə etməklə yerinə yetirilir.