Əsas torpaq becərmələri. Torpağın əkin qatının çevrilməsi və yumşaldılması ilə bərabər gübrələrin, bitki qalıqlarının və köklərinin torpağın alt qatına çevrilməsi prosesi torpağın əsas becərilməsi (şumlama) adlanır.
Torpağın çevrilməsi onun üst və alt qatlarının yerlərinin dəyişməsidir. Bu əməliyyat kotan vasitəsilə həyata keçirilir (Şəkil 3.1). Vegetasiya müddətində torpağın ayrı-ayrı qatları müxtəlif dəyişikliklərə məruz qalır. Əsasən torpağın üst qatı çox bərkiyir, tozlanır, alaq toxumları ilə daha çox zibillənir, alt qat isə əlverişli strukturaya və artıq nəmliyə malik olur.