Adi danadişi (Gryllotalpa gryllotalpa L). Yaxşı inkişaf etmiş qazıcı ayaqlara malik, qonur rəngli iri həşaratdır (Şəkil 2.33). Bədəninin uzunluğu 60 mm-ə çatır. Adi danadişi torpaqda yaşayır və gecə həyatı keçirir. Adi danadişi Azərbaycanın bütün rayonlarında geniş yayılmaqla, tərəvəz, bostan, bağ, sitrus və texniki bitkilərin kök sisteminə olduqca böyük zərər verir.
Adi danadişi cavan bitkilər, xüsusilə şitillər və toxmacarlar üçün daha təhlükəlidir. Buna görə də danadişi kənd təsərrüfatı bitkilərinin ilk inkişafı dövründə ona ziyan vurur. Təbii şəraitdə danadişi aprel ayından başlayıb, iyun ayına qədər, şitilliklərdə və parniklərdə isə fevral ayından zərər verir.
Adi danadişinin orta yaşlı sürfələri və yetkin mərhələsi torpağın 1 metrə qədər dərinliyində qışlayır. Yazda onlar şum qatına və torpağın üst səthinə qədər çıxır. Burada onlar səpilmiş toxumları, kökləri, gövdənin yeraltı hissəsini gəmirirlər (Şəkil 2.34).
Yetkin danadişilər aprel ayından başlayıb avqust ayına qədər öz yumurtalarını torpağın 10-20 sm dərinliyinə qoyur. Hər yuvada 300-350 ədəd yumurta olur. Həmin yumurtalardan 10-15 gündən sonra sürfələr çıxmağa başlayır. Sürfələr inkişafını gələn ilin yayında başa çatdırır. Danadişi rütubətə doğru meyillidir, ona görə də danadişinə ən çox rütubətli yerlərdə təsadüf edilir.
Mübarizə tədbirləri. Adi danadişiləri aldadıcı yemlərlə məhv etmək olar. Bu məqsədlə zəhərlənmiş buğda, arpa, qargıdalı dənlərindən istifadə edilir. Korban 25 W (Xlorprifos etil 250 qr/kq) 6 kq kəpəyə 300 qr qarışdırılır və 10 sot sahəyə yayılır. Aldadıcı yem, əkindən bir neçə gün qabaq tətbiq edilməlidir. Bu zaman aldadıcı yem sahə üzərinə səpilir və malalanır. Əgər sahədə bitki çücərtiləri və ya şitillər olarsa, aldadıcı yemlər 2-3 sm dərinlikdə bitkilər və cərgələr arasına qoyulur. Payızda içərisində peyin olan çalalarda danadişiləri məhv etmək olar. Çalalar 0,5 m dərinlikdə qazılır və içərisinə peyin doldurulur. Qışlamaq üçün danadişilər buraya çox həvəslə yığılır. Payızın sonunda sərt şaxtalar düşən zaman çalalardan peyin dağıdılır və bura toplaşan danadişilər aşağı temperatur nəticəsində məhv olur.