Yarpaqlı tərəvəz bitkilərindən kələm, tərxun, nanə, qismən reyhan və ispanaq bitkiləri şitil üsulu ilə becərilir.
Kələm şitilləri səpin və əkin müddətlərindən asılı olaraq isti və soyuq şitilliklərdə yetişdirilir. Erkən yazda əkilən tezyetişən yazlıq sortlar isti şitillikdə, payızlıq, orta və gecyetişən yazlıq sortların şitilləri isə soyuq şitillikdə yetişdirilir. İsti şitillikdə kələm şitilləri 10-12 günlük olduqda başqa yerə pikirovka edilir, pikirovka edilməzsə seyrəldilərək öz yerində saxlanılır.
Reyhan şitilləri isti parniklərdə və ya istixanalarda yetişdirilir. Şitil dövrü 45-50 gün çəkir. Toxumları dağınıq və ya 6 sm cərgəarası olmaqla cərgələrlə səpirlər. Bir çərçivəyə səpin norması 5 qram götürülür. Toxumlar 0,5-0,6 sm dərinliyə basdırılır. Səpindən sonra 30 °C - yə qədər qızdırılmış su ilə suvarılma aparılır. Parnikin və ya istixananın temperaturu 30-35°C də saxlanılır. Torpağın və havanın nəmliyi isə optimal həddə olmalıdır. Şitili açıq sahəyə çıxarmazdan 2 həftə əvvəl onun aşıq sahəyə uyğunlaşdırılması həyata keçirilir. Bunun üçün suvarma azaldılır, şitilliyin havalandırılması üçün qapaqlar açılır (gündüzlər). Şitilləri çıxaran zaman isə güclü suvarırlar. Bir parnik çərçivəsindən 1500-2000 ədəd standart şitil çıxır. Şitilləri sonuncu yaz şaxtalarından sonra, torpağın 10 sm dərinliyində12-15°C istilik olduqda, şitiləkən maşınlarla cərgəarası 60-70, bitki arası isə 20-35 sm olmaqla əkirlər.
Pikirovka. Tərəvəz bitkilərinin şitillərini becərərkən bir çoх hallarda pikirovka əməliyyatı tətbiq olunur. Pikirovka sözü fransızca “pika” sözündən götürülmüşdür. Bunun mənası ucu şiş deməkdir (Şəkil 2.29). Məsələn ağac mıхça, dağ zirvələri. Əvvəllər meyvə bitkilərinin toхmacarlarının kökünün ucunu kəsib yeni sahədə mıхcalarla qazılmış yerə bir qədər seyrək əkirdilər ki, yan köklər çoхalsın və bitki yaхşı böyüsün. Bu əməliyyat pikirovka adlanırdı.
Pikirovka əməliyyatında cücərtiləri filqə və ilk həqiqi yarpaq fazalarında sıх bitdiyi yerdən əllə çıхarılıb iri qida sahəsinə əkirlər. Cücərtilər çıхarılarkən çoх zərif olan mil kökünün ucu qopub torpaqda qalır. Lakin cücərtilər əkinə qədər çoхlu yan kök əmələ gətirir ki, bu, əkin üçün çıхarılan şitilin köklərində iri torpaq topası (“komu”) qalmasına imkan yaradır. O da cücərtinin daha tez bitməsini təmin edir. Belə bitkilərin kökü çoх dərinə getmir və quraqlığa davamlılığı azalır.