2.7. Şitillərə qulluq qaydaları
Şitillərə qulluq işləri əsasən onların suvarılması, yemləmə şəkilində gübrələrin verilməsi, xəstəlik və zərərvericilərə, o cümlədən alaq otlarına qarşı mübarizə aparılması və s. işlərdən ibarət olur.
2.7.1. Şitillərin suvarılması
Şitillər sıx yerləşdiyinə və vahid sahədə bitki sayı çox olduğuna görə suvarma çiləmə (çiləyici maşın və alətlər, süni yağışyağdırma qurğuları və s.) yolu ilə aparılır. Şitillərin suvarılma vaxtı bitkilərin ümumi görünüşünə (yarpaqların solğun görünməsi və s.) baxmaqla və torpağın nəmlik ehtiyatına əsasən müəyyən edilir. Yarpaqların solğunlaşması, bitkinin turqor vəziyyətinin pisləşməsi artıq suvarmanın gecikməsindən və bitkinin stresə düşməsindən xəbər verir. Ona görə də bitkilərin sresə düşmədən suya olan ehtiyacının dəqiq öyrənilməsi torpağın nəmlik ehitiyatına əsasən təyin edilir. Torpağın və ya substratın (hidroponikada) nəmliyi müasir elektron cihazlar vasitəsilə tez və asanlıqla təyin edilir və bitkilərin suya ehtiyacı öyrənilir (Şəkil 2.13). Xiyar, pomidor, bibər və badımcan şitillərinin normal inkişafı üçün torpağın nəmlik ehtiyatı onun nisbi rütubət tutumuna (yəni, tarla rütubət tutumu) görə faizlə aşağıdakı nisbətlərdə olmalıdır: