Pikirovka üsulu ilə səpin. Əvvəlcə dayaz qablar götürülür, onlara 5-7 sm dərinliyində qidalı torpaq tökülür. Sonra torpaqda bir-birindən 1-1,5 sm məsafədə və 1-1,5 sm dərinlikdə xüsusi qələm və ya bıçaqla cızlar açılır. Toxumlar (yaxşı olar ki, cücərdilmiş toxumlar-bax: Şəkil 2.12) bir-birindən 1-1,5 sm aralı qoyulur və üzərinə 0,5-1 sm yumşaq qidalı torpaq qarışığı tökülür və suvarılır. Toxumların cücərib, yaxşı inkişaf etmiş ləpə yarpaqları və ya 1-2 əsl yarpaqlar əmələ gətirərək pikirovkaya hazır olduğu müddət (səpindən pikirovkaya qədər) orta hesabla xiyar üçün 10 günə qədər, pomidor, badımcan və bibər bitkiləri üçün 20-30 gün təşkil edir. Yəni, 10 günlükdə xiyar, 20-25 günlükdə pomidor, 25-30 günlükdə badımcan və bibər cücərtiləri pikirovka üçün hazır hesab olunur. Pikirovkaya hazır olan cücərtilər düzəldilmiş ləklərə (yumşaq qrunta) və ya qidalı dipçəklərə köçürülür (Şəkil 2.12). Qidalı dipçəklər zərif cücərtilərin normal inkişafı üçün lək üsulu ilə müqayisədə daha etibarlıdır. Cücərtilər pikirovka edilərkən bir qədər dərin basdırılmalıdır. Belə ki, cücərtilər qidalı dipçəklərə qoyulur və filqə yarpaqların əmələ gəldiyi dirsəyə qədər (kök boğazı)torpaqla doldurulur (Şəkil 2.12) . Bu zaman torpaqla kontakta olan gövdəcik hissəsindən əlavə yan köklər əmələ gəlir və bu da normal kök sisteminə malik keyfiyyətli şitillərin formalaşmasına şərait yaradır. Pikirovkadan dərhal sonra suvarma aparılır.