- Tərkibində bitki üşün zərərli maddələr olmamalıdır. Şitil yetişdirilməsi üçün hazırlanmış qidalı torpaq qarışığının tərkibində ümumi duzların miqdarı 0,95-1,75%, dəmir 1%-ə qədər, xlor isə 0,007%-dən çox olmamalıdır;
- Strukturalı, yumşaq olmalı, su və havanı yaxşı keçirməlidir;
- Şitil yetişdirilməsi üçün hazırlanmış qidalı torpaq qarışığının ümumi məsaməliliyi 60%, həcm kütləsi (torpağın sıxlığı) 1 qram/sm3 olmalıdır. Çünki, pomidor, badımcan, bibər və xiyar cücərtiləri zərif olduğu üçün sıx torpaqda inkişaf edə bilmir, şitilin yerüstü və kök hissəsi zəif böyüyür;
- Torpaq mühitinin reaksiyası (pH) neytral olmalıdır.
- Şitil əkilən torpaqlar yüksək udma (xeyrli əsasları udması və özündə saxlaması) və buferlik ( turşu və qələvi ilə təsir etdikdə torpaq mühitinin öz reaksiyasını-pH sabit saxlaması) qabiliyyətinə malik olmalıdır;
- Tərkibi qida maddələri ilə zəngin olmalıdır.
Şitil yetişdirilməsi üçün hazırlanmış qidalı torpaq qarışığının (qrunt və ya substrat) 100 qram quru kütləsinin tərkibində qida maddələrinin optimal miqdarı milli qramlarla aşağıdakı kimi olmalıdır:
- Azot-N (ammonyak və nitrat azotu): 50-80 mq;
- Mütəhərrik fosfor (P2O5): 130-330 mq;
- Mübadiləvi kalium (K2O): 130-240 mq;
- Maqnezium (MgO): 30-80 mq;
- Kalsium (CaO): 60-160 mq.
Adətən, tərkibi 50 % peyin çürüntüsündən, 40 % tarla torpağından və 10 % taxta kəpəyindən ibarət, 1 m3 həcmində qarışığa aşağıdakı miqdarda gübrələr əlavə edilərsə, daha qidalı qrunt və ya substrat hazırlanmış olar:
- 300 qram ammonium şorası (NH4NO3-tərkibində 34% N);
- 400 qram ikiqat superfosfat (Ca(H2PO4)-tərkibində 45-50% P2O5);
- 400 qram kalium sulfat (K2SO4-tərkibində 52% K2O);
- 1,5 qram göydaş və mis sulfat (CuSO4 – tərkibində 24,5% Cu);
- 3 qram ammonium molibdat ((NH4)2MoO4-tərkibində 35% Mo);
- 0,5 qram natrium borat (Na2B4O7-tərkibində 36,5% B2O3);
- 2,25 qram manqan sulfat (MnSO4-tərkibində 20% MnO);
- 0,7 qram sink sulfat (ZnSO4-tərkibində 35% ZnO).
Qeyd edək ki, göstərilən gübrələrin digər əvəz ediciləri istifadə oluna bilər. Məsələn, natrium borat əvəzinə tərkibindəki təsiredici maddələri yaxın olan digər borlu gübrələr tətbiq edilə bilər. Digər sadə və asan üsul belədir: Hər bir vedrə hazırlanmış torpaq-çürüntü qarışığına (yuxarıda göstərilən nisbətlərdə və ya fərqli ola bilər) 40-80 qram kompleks tərkibli gübrələr (azotofoska, nitrofoska və s.) qatılır və şitillərin normal inkişafı üçün qidalı substrat hazırlanır.