- Toxumun səthi - toxumun səthi qırışıq, hamar, nahamar, tükcüklü və s. olur. Bu göstəricilər toxumun təmizlənməsi və sortlaşdırılması proseslərinə təsir edir;
- Toxumun rəngi - növ və ya sortun sçilməsi üçün baçlıca əlamətidir;
- Toxumun ölçüləri, yaxud iriliyi - (eni, uzunu, qalınlığı başa düşülür;
- Toxumun kütləsi - 1000 ədəd toxumun mütləq çəkisidir və toxumun dolğunluğunu və iriliyinin göstəricisidir.
Meyvəli tərəvəz bitkilərinin əsas morfoloji əlamətləri aşağıda təsvir olunmuşdur:
- Xiyar toxumu - ağ-sarı rəngdə olub, hamardır, tüksüzdür, uzunsov-ellipsvaridir. 1000 ədəd xiyar toxumunun kütləsi 15-36 qram təşkil edir;
- Pomidor toxumu - orta irilikdə olub, 1000 ədəd toxumun kütləsi 3-4 qram təşkil edir. Pomidor toxumu üçbucaq-böyrəkvarı formada olub, yastıdır, bozumtul-sarı rəngdədir, səthi tükcüklüdür. Bir meyvədə 60-400 ədəd toxum olur;
- Badımcan toxumu - kiçik (uzunluğu 3,5 mm-dən, diametri 2 mm-dən kiçik), orta (uzunluğu 3,5-4 mm və diametri 2,6-3 mm) və böyük (uzunluğu 4 mm-dən, diametri 3 mm-dən böyük) ölçüdə olur. 1000 ədəd toxumun kütləsi 3-7 qram olur. Badımcan toxumu dəyirmi, yastı formalı olub, səthi qabarıqdır, tüksüzdür, sarı və ya sarı-qonur rəngdədir;
- Bibər toxumu - kiçik (diametri 1,8-3 mm olmaqla 1000 ədəd toxum 3-5 qram), orta (diametri 3-4 mm olmaqla 1000 ədəd toxum 5-7 qram) və böyük (diametri 4 mm-dən böyük olmaqla 1000 ədəd toxum 9 qram) ölçüdə olur. Bibər toxumları yastı, dəyirmi formalı olub, açıq-sarı rəngdədir, səthi hamardır, tüksüzdür.
2.3. Meyvəli tərəvəz bitkilərinin toxumçuluğu: toxum tədarükü və onların saхlanması qaydaları
Meyvəli tərəvəz bitkilərinin toxum tədarükü dedikdə növbəti illər üçün əkin materialının təminatı başa düşülür. Bunun üçün lazım olan bitki sort və ya hibridlərdindən keyfiyyətli toxumluq meyvələr seçilir və onlardan toxum tutulur. Toxumluq əkinlərin torpağı münbit olmalı, burada aqrotexniki qulluq işləri vaxtında və yüksək keyfiyyətlə aparılmalı, sortların bütün bioloji- təsərrüfat əlamətlərini qorumaq üçün sort təmizləmə (aprobasiya) işləri həyata keçirilməlidir. Meyvəli tərəvəz bitkilərinin toxum tədarükü aşağıdakı aqrotexniki qaydalara əməl etməklə aparılır: