“Magno F1” şirin bibər hibridi. Narıncı bibərlərin keyfiyyət standartı hesab olunur. Stres şəraitinə yaxşı uyğunlaşır. Güclü kök sistemi əmələ gətirir, bar oqranı çoxdur və asan becərilir. Meyvəsi kub şəkilli formaya malik olub, texniki yetişkənlikdə yaşıl, bioloji yetişkənlikdə (tam yetişkənlik) isə narıncı rəngdə olur (Şəkil 1.37). Meyvələrinin əla əmtəəlik görünüşü, əla dadı və ətri var. Meyvələri ağırdır, bərkdir, forma və ölçücələri eynidir. Tez yetişəndir, yüksək məhsuldardır və əla meyvə formalaşdırır. Meyvələrinin ölçüsü 10x12 sm, divarının qalınlığı 6-7 mm və meyvənin çəkisi 190-230 qramdır. Meyvənin təpə cürüməsinə qarşı davamlıdır. Bütün növ istixanalarda (isidilən-isidilməyən, torpaqda və hidroponikada) və açıq sahədə becərilə bilər və bar vermə dövrü uzun olur.
“Mavras F1” şirin bibər hibridi. Cəlbedici tünd bənöbşəyi rəngli meyvələri olan orta tezyetişən hibriddir. Meyvəsi kub şəkilli formaya malik olub, texniki yetişkənlikdə tünd bənövşəyi, bioloji yetişkənlikdə (tam yetişkənlik) isə qırmızı rəngdə olur (Şəkil 1.38). Yüksək əmtəəlik məhsulu ilə fərqlənir. Yaxşı meyvə formalaşdıran açıq tipli kola malikdir. Meyvələrinin ölçüsü 9x12 sm, divarının qalınlığı 6-8 mm və meyvənin çəkisi 190-210 qramdır. Müxtəlif iqlim şəraitlərinə yaxşı uyğunlaşır və Tütün mozaika virusu qarşı çox davamlıdır. Bütün növ istixanalarda (isidilən-isidilməyən, torpaqda və hidroponikada) və açıq sahədə becərilə bilər.
“Anetta F1” şirin bibər hibridi. Əla keyfiyyətli meyvələri olan və stabil meyvə verən yüksəkməhsuldar yeni hibriddir. Tez yetişəndir, meyvələri şitil əkildikdən sonra 65-ci gün yetişir. Güclü kök sistemi əmələ gətirir, bar oqranı çoxdur və asan becərilir. Meyvəsi konusvarı formaya malik olub, texniki yetişkənlikdə açıq yaşıl, bioloji yetişkənlikdə (tam yetişkənlik) isə qırmızı rəngdə olur (Şəkil 1.39). Meyvələrinin ölçüsü 5x11 sm (diametr x uzunluq), divarının qalınlığı 5-6 mm və meyvənin çəkisi 100-140 qramdır.