Yığcam, gözəl salxımları olur, hər salxımda 8-10 meyvə formalaşır. Meyvələri bərabər ölçülü, hərtərəfli qırmızı rəngdə olur və bərkdir. Meyvələrinin orta çəkisi 35-40 qramdır (Şəkil 1.22). Meyvələri meyvə saplağında mökəm durur. Əla dadı var. Salxımın hissə uzun müddət yaşıl qalır ki, bu da qablaşdırma zamanı cəlbedici əmtəə görünüşü verir. Hidroponikada-substratda, isidilən istixanalarda becərilir.
Sacura F1-çerry pomidor hibridi. Yastı-yumuru formalı, xırda (çerry) salxım meyvələri olan, yüksək məhsuldar, tezyetişən hibriddir. Böyük şaxələnmiş kola malikdir, kolu açıq tipli güclü inkişaf edir. Meyvələri cəlbedici qırmızı rəngli və bərkdir. Meyvəsinin çəkisi 15-20 qramdır, dad keyfiyyəti çox yüksəkdir (Şəkil 1.23). İşıq çatışmazlığı və aşağı temperatur şəraitində yaxşı meyvə formalaşdıra bilir. Zəif işıqlanma şəraitinə (qışda əkilən) malik uzun becərmə dövründə uyğunlaşmışdır.
Granadero F1-pomidor hibridi. Uzunsov, yumurtavarı və ya gavalıya bənzər formalı, parlaq qırmızı rəngli, qabığı nisbətən qalın, gözəl meyvəli, tezyetişən və məhsuldar yeni hibriddir. Açıq tipli, güclü inkişaf edən kola malikdir (Şəkil 1.24). Aşağı və yuxarı temperature şəraitində yaxşı meyvə formalaşdırır. Meyvəsinin orta çəkisi 140-150 qramdır. Qısa becərmə mövsümündə (yazda əkilən), torpaqda polietilen örtüklü istixanalarda becərilir.
Dimerosa F1-pomidor hibridi. Polietilen örüklü istixanalarda becərilən, mövsümün sonuna qədər stabil meyvə formalaşdıran yeni çəhrayı rəngli hibriddir. Tez meyvə əmələ gətirməyə başlayır. Qısa buğumaraları olan güclü kola malikdir. Meyvələri yastı-yumuru, cəlbedici parlaq, çəhrayı rəngli, lətli, bərk-dolğundur (Şəkil 1.25), asan daşına bilən, çatlamayan olur və çəkisi 200-220 qramdır. Geniş xəstəlik spektrinə davamlıdır.
Gualdino F1-pomidor hibridi. Sarı meyvəli tezyetişən hibriddir. Salxımla yığıla bilən, gözəl formalı salxımı olan hibriddir. Meyvələri bərk, yastı yumuru və ya yumuru formalı olur, orta çəkisi 100-120 qramdır (Şəkil 1.26). Torpaqsız (substratda) və torpaqda, istənilən növ istixanalarda becərilir.