İqlim şəraiti (işıqılı saatların miqdarı). Bu birinci vacib şərtdir. İstixanada becərilən hər bir sort və hibrid ilk öncə ərazinin iqlim şəraitinə, xüsusilə də günəşli günlərin miqdarına, gün ərzində işıqlı saatların davam etmə müddətinə uyğun olmalıdır. Cənub zonalarında (isti tropik və subtropik ölkələrdə) tərəvəz sort və hibridləri günəşli günlərin miqdarı çox olan, hava şəraiti isti keçən, işıqlı saatların uzunluğu ilə xarakterizə olunan iqlim şəraitində alınır. Bu şəraitdə alınmış sort və hibridlər özlərinin bioloji xüsusiyyətlərinə uyğun olaraq isti günəşli havalardan qorunmaq üçün daha çox yarpaq əmələ gətirir, vegetasiya müddəti uzanır, istiyə və işığa tələbkar olur. Bu zonalarda alınmış və daha çox vegetativ kütlə formalaşdıran sort və hibridlərin işıqlı günün qısa olduğu zonaların (yay fəsli qısa olan, soyuq şimal ölkələri) istixanalarında becərilməsi məqsədə uyğun deyil. Şimal zonalarında alınmış sort və hibridlər isə qısa gün şəraitinə uyğunlaşır, sürətlə inkişaf edir, tez məhsula düşür və vegetasiya müddəti qısa olur. Bu zonalarda alınmış sort və hibridlər istixananın zəif işıqlanma dərəcəsinə və aşağı temperatur şəraitinə davamlılıq göstərir. Adətən, cənub zonalarında alınmış sort və hibridlər şimal zonalarında özünü doğrultmur, lakin şimal zonalarında alınmış sort və hibridlər isə cənub zonalarına uyğunlaşa bilir, sadəcə günəşli-isti hava şəraitində istixanada kölgələndirmə və havalandırma sistemi işlək vəziyyətdə olmalıdır.