Bəs tərəvəzçilikdə məhsuldar, keyfiyyətli sort və hibridləri necə seçməliyik? Bu sual hazırki dövrdə olduqca həssas məsələdir və cavabı sözügedən bölmədə ətraflı şərh olunmuşdur.
Bu gün toxum bazarına nəzər salsaq, əlifba sırası ilə A-dan Z-yə qədər müxtəlif adlarda saysız-hesabsız tərəvəz bitkilərinin sort və hibridlərinə rast gəlmək olar. Ölkəmizə bir çox xarici ölkələrin toxum istehsalçıları tərəfindən (Hollandiya: Nunhems, Rijk Zwaan, Enza Zaden, Hazera Seeds; Fransa: Vilmoren, HM Clause; Türkiyə: İstanbul Tarım, İsveçrə: Syngenta; Rusiya: Krım Selekiya-Təcrübə Stansiyası-Gavrish; Koreya- NONGWOO BIO, ABŞ- Seminis vegetable seeds-Agro Vita MMC) böyük çeşiddə meyvəli tərəvəz bitkilərinin hibrid toxumları gətirilir.
Bu baxımdan Siz şagirdlər, bu böyük aləmi təmsil edən meyvəli tərəvəz bitkilərinin sort və hibridlərini məhsuldarlığına, stress (xəstəlik, zərərverici, isti-soyuq, işıqsızlıq və s.) amillərinə davamlılığına, əmtəə xüsusiyyətlərinə, torpaq-iqlim və becərilmə şəraitinə görə qiymətləndirmək, ən uyğun və səmərəli olanlarını seçmək bacarıqlarına yiyələnməlisiniz. Bu bölmədə sort və hibrid anlayışı, tərəvəzçilikdə onların rolu, müsbət və mənfi xüsusiyyətləri, istixanada becərilən meyvəli tərəvəz bitkilərinin torpaqlı və torpaqsız (hidroponika və ya akvaponika) şəraitə uyğun sort və hibridləri, onların əsas göstəriciləri, istixanana tərəvəzçiliyində geniş yayılmış sort və hibridlərin seçilməsi və qiymətləndirilməsi qaydaları haqqında qeyd olunmuşdur.
Əziz şagirdlər! Siz bu biliklərə yiyələnməklə istixanada becərilən meyvəli tərəvəz bitkilərinin (xiyar, pomidor, badımcan və bibər ) məhsuldar sort və hibridlərini tanıyacaqsızınız, onların istehsalat xüsusiyyətlərinə görə seçilməsi və qiymətləndirilməsi bacarıqlarına yiyələnəcəksiniz.
1.3.1. Örtülü şəraitdə becərilən meyvəli tərəvəz bitkilərinin daha əhəmiyyətli sort və hibridlərinin seçilməsi və qiymətləndirilməsi qaydaları
Sort - Məhsuldarlığı və keyfiyyəti artırmaq məqsədilə təsərrüfat bioloji xüsusiyyətlərinə, morfoloji əlamətlərinə görə müxtəlif torpaq iqlim şəraiti üçün seçilmiş, artırılmış digər bitki qruplarından ən azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu sort adlanır. Sort uzun illər ərzində seleksiya ( yolu ilə alınır, hər il sorta məxsus tipik xüsusiyyətlərə malik toxumlar əldə olunaraq sort təmizliyi qorunur
Hibrid - İki və daha artıq valideyn formalarının çarpazlaşmas nəticəsində isə hibridlər alınır Hibrid toxumlar müəyyən əlamətlərinə görə seçilmiş valideyn cütlərinin süni yolla çarpazlaşması (tozlanma yolu ilə) hesabına əldə olunur. Hibrid toxumlar sort toxumlardan F1 işarəsi ilə fərqlənir. Hibrid toxumlar qablaşdırılarkən üzərində hibridin adı və onun yanında F1 ( yəni 1-ci nəsil mənasını verir) işarəsi qoyulur. Əgər F1 işarəsinin yanında əlavə olaraq digər kiçik latın hərfləri yazılarsa, bu arzu olunan əlamətlərin alınması üçün gen mühəndisliyi yolu ilə bitkinin geninə müdaxilələrin edildiyini göstərir.
Hazırda meyvəli tərəvəz bitkilərinin əkin materialı kimi sort və hibrid toxumlardan istifadə olunur. İstixana şəraitində meyvəli tərəvəz bitkilərinin sortlarına nisbətən, onların hibridlərindən alınmış toxumlar geniş istifadə olunur və bu gün toxum bazarında hibrid toxumlar daha çox dəbdədir.