Şəkil 1.12. Bibər bitkisinin budaqlanması
- Əsas gövdənin təpə nöqtəsi generativ (bar) orqanla qurtarır. Gövdənin üst 2-3 ədəd yarpaq qoltuqaltlarından yeni zoğlar əmələ gəlir və onlar da generativ orqanla bitir. Beləliklə, gövdədə növbəti 2-ci və 3-cü dərəcəli budaqlanma baş veirir (Şəkil 1.12).
- Ştamblı gövdəyə malik bibərlər bir gövdəli olub, əsas gövdənin təpə nöqtəsindən əlavə budaqlar formalaşır.
- Yarımştamblı gövdəyə malik bibərlərdə əsas gövdənin aşağı hissəsindən əlavə zoğlar əmələ gəlir.
- Kol formalı bibərlərdə (ştambsız) gövdənin əsasından (kök boğazından bir qədər yuxarı) əsas gövdə və yan zoğlar əmələ gəlir;
- Bibərin meyvələrinin texniki yetişkənlik (yaşıl rəngli bibər) dövründə dərilməsi onun daha çox çiçəkləməsinə və məhsulunun artmasına səbəb olur;
- Cücərmədən 40-60 gün sonra çiçəkləmə baş verir. Bir bitkidə sortdan və becərilmə şəraitindən asılı olaraq 15-100 ədəd çiçək əmələ gəlir;
- İlk qönçələrin formalaşmasından meyvə əmələgəlməyə qədər olan dövr təxminən 1,5-2 ay təşkil edir.
Bibər bitkisinin torpaq-iqlim şəraitinə münasibəti. Digər bitkilər kimi bibər də işıq, istilik, su, hava və qida maddələri kimi həyat amillərinə ehtiyac duyur.
Bibərin istiyə təlabatı. Bibər isti sevən bikidir və istiyə münasibəti aşağıda qeyd olunmuşdur:
- İstixana şəraitində bibər bitkisinin normal böyüməsi və inkişafı üçün havanın optimal temperaturu gündüz günəşli havada 26-28 °C hesab olunur. Gecələr istixanada temperatur 13 °C-dən aşağı düşməməlidir;
- Gündüzlər istixanada temperaturun 30°C-yə qalxması bibər bitkisinin inkişafına mənfi təsir göstərir. Bu zaman istixanada havalandırma aparılmalı və temperatur rejimi normallaşdırılmalıdır;
- Bibər şaxtaya çox davamsızdır. Belə ki, -0,5÷-1°C temperaturda bibər bitkisi məhv olur. Temperatur 11-13°C olduqda bibərin inkişafı ləngiyir;
- Bibər toxumlarının kütləvi cücərməsi və tez böyüməsi üçün havanın optimal temperaturu 20-25 °C-dir;
- İstixanada torpağın istiliyi 13-14°C-dən aşağı olduqda toxum gec cücərir, hətta cücərtilərin alınması 30 günə qədər uzanır, bəzən çıxış alınmır və toxum xarab olur;
- Bibər bitkisi üçün ən optimal torpaq temperaturu 24-26°C-dir. Bibər şitilləri əkildiyi vaxt istixana torpağının istiliyi həmin səviyyədə saxlanılmalıdır;
- İstixana şəraitində bibərin köklərinin suyu udması və qida maddələrini asan mənimsəməsi üçün suvarma suyunun temperaturu 15°C-dən aşağı olmamalıdır.