Badımcan bitkisi üçün torpaq mühitinin optimal reaksiyası-pH 6,5-7,0 hesab olunur. Badımcan üçün ən yaxşı sələf bitkiləri dənli paxlalı bitkilər, kələm, kökümeyvəlilər, xiyar və qabaq bitkiləri sayılır. Əksər xəstəlik və zərərvericiləri oxşar olduğuna görə badımcan bitkisinin kartof, pomidor və bibər bitkilərindən sonra əkilməsi məqsədə uyğun deyil. Hətta, bu bitkiləri eyni istixanada badımcan ilə birlikdə becərmək düzgün hesab edilmir.
İlk inkişaf fazalarında vegetativ orqanların formalaşması üçün badımcan azota daha çox tələbat göstərir. Badımcan bitkisi fosfor və kaliumla normal təmin olunduqda azotun effektivliyi artır, bu da məhsuldarlığın yüksəlməsinə və meyvənin tez yetişməsinə təsir göstərir. Fosfor azotun daha yaxşı mənimsənilməsinə şərait yaratmaqla yanaşı, bar orqanlarının inkişafını sürətləndirir və meyvənin keyfiyyətini yaxşılaşdırır. Badımcan ilk inkişaf dövrlərində, xüsusilə də 6 yarpaq fazasında fosforla normal təmin olunduqda, bu elementin təsiri daha səmərəli olur, badımcan bitkisinin boy artımı və ümumi inkişafı yaxşılaşır. Kalium badımcan bitkisinin gövdə və meyvələrinin formalaşmasına müsbət təsir göstərir, fotosintez prosesini sürətləndirir, müxtəlif fermentləin işini aktivləşdirməklə zülal sintezini yaxşılaşdırır, karbohidratların əmələ gəlməsini və onların bitkidə hərəkət etməsini asanlaşdırır. Torpaqda kifayət qədər kalium olduqda meyvədə daha çox quru maddə toplanır. Meyvə əmələgəlmənin başlanğıcından yetişmənin sonunan qədər olan dövr badımcan bitkisinin kaliuma tələbatının ən həssas vaxtı hesab olunur. Badımcan bitkisi tələb olunan ümumi qida maddələrinin 2%-ni şitil dövründə, 11-14%-ni çiçəkləmə fazasında və 84-87%-ni meyvə əmələgəlmə zamanı mənimsəyir.
Badımcan bitkisi torpaqdan məhsulu ilə kifayət qədər mineral maddələr mənimnsəyir. Müxtəlif sortlardan və becərilmə şəraitindən asılı olaraq istixanada becərilən badımcan 1 ton məhsulun əmələ gəlməsi üçün torpaqdan orta hesabla aşağıdakı miqdarda əsas qida maddələrini mənimsəyir:
Badımcanın havanın nisbi rütubətinə münasibəti. İstixana şəraitində badımcan bitkisi üçün havanın nisbi rütubəti 60-70 % hüdudunda saxlanılmalıdır.
Badımcanın işığa tələbatı. Badımcan qısa gün bitkisi olmasına baxmayaraq, gün ərzində işıqlı saatların miqdarı 10-12 saat olan şəraitdə yaxşı inkişaf edir və bol məhsul verir. Müxtəlif sort və hibridlərdən asılı olaraq badımcan bitkisi üçün istixanada 12000-20000 luks işıqlanma dərəcəsi tələb olunur.
Badımcanın istixana havasına münasibəti. Pomidor bitkisinə oxşardır.
1.2.4. Bibər bitkisinin bioloji xüsusiyyətləri və torpaq-iqlim şəraitinə münasibəti
Bibər (Capsicum annuum L.) badımcançiçəklilər və ya quşüzümü (Solanaceae Pers.) fəsiləsinə daxil olub, Capsicum Tourn. cinsinə aiddir. Bibər tərəvəzçilik elminə məlum olan dövrə qədər öz mənşə yerində yabanı halda çoxillik yarımkol bitkisi kimi yayılmışdır.