Badımcan bitkisinin özünəməxsus bioloji xüsusiyyətləri vardır:
- Cücərmədən texniki yetişkənliyə qədər badımcan bitkisinin vegetasiya müddəti tezyetişən sortlarda 85-110 gün, orta yetişən sortlarda 110-130 gün, gec yetişən sortlarda 130-150 gün təşkil edir.
- Badımcanın meyvəsi çiçəkləmədən 30-35 gün sonra yetişir.
- Badımcanın gövdəsi daha çox zoğlar əmələ gətirmək qabiliyyətinə malikdir. Yayda gövdəni yuxarıdan qayçı ilə kəsildikdə yeni zoğlar əmələ gəlir və yerüstü hissə yenidən bərpa olunaraq payızda ikinci dövrə məhsul verir.
- Badımcan dixotomik (zoğun uc hissəsinin haçalanması) və yalançı dixotomik budaqlanır.Öz-özünə tozlanır və həqiqi giləmeyvə əmələ gətirir.
- Şitil əkini zamanı zədələnmiş köklər çətin bərpa edildiyinə görə bitki 5-7 gün soluxmuş halda qalmaqla gec bərpa olunur. Bu da badımcanın kök sisteminin zəif regenerasiya qabiliyyəti ilə əlaqədardır.
Badımcan bitkisinin torpaq-iqlim şəraitinə münasibəti. Badımcan bitkisi də öz inkişafı üçün işıq, istilik, su, hava və qida maddələrinə tələbat göstərir.
Badımcanın istiyə təlabatı. Badımcan isti sevən bikidir. Badımcan bitkisinin istiyə münasibəti aşağıda qeyd olunmuşdur:
- İstixana şəraitində badımcan bitkisinin normal böyüməsi və inkişafı üçün havanın optimal temperaturu gündüz günəşli havada 25-30
°C hesab olunur. Gecələr istixanada temperatur 13 °C-dən aşağı düşməməlidir.
- İstixanada becərilən badımcan bitkisi günəşli hava şəraitində 35-40°C istiliyə davam gətirir. 40°C-dən yuxarı temperaturda badımcanın inkişafı dayanır.
- -1°C temperaturda badımcan bitkisi məhv olur.
- Temperatur 15 °C-dən aşağı olduqda badımcanın inkişafı ləngiyir.
- Meyvələrin yetişməsi üçün 29 °C temperatur kifayət edir.
- Badımcan toxumlarının kütləvi cücərməsi və tez böyüməsi üçün havanın optimal temperaturu 22-26 °C-dir. Temperatur 13 °C-dən aşağı olduqda badımcan toxumlarının cücərməsi dayanır. Temperatur 13-15°C olduqda 12-20 günə, 25°C-də isə 7-9 gün ərzində cücərti almaq olar. Cücərti alınandan 5-7 gün sonra temperatur 16-20°C-də saxlanmalıdır.
- Badımcan bitkisi üçün ən optimal torpaq temperaturu 24-26°C-dir.
Badımcanın suya təlabatı. Badımçanın güclü mil kökü olduğu üçün torpağın aşağı qatlarına işləyə bilir və kifayət qədər kök kütləsi toplayır. Bu da onun quraqlığa davamlılığını artırır. Lakin yüksək və keyfiyyətli məhsul almaq üçün badımcan tez-tez suvarılmalıdır. Bu baxımdan badımcan torpaq rütubətinə tələbkar bitkidir. Torpaqda kifayət qədər nəmlik ehtiyatı olmadıqda badımcan bitkisinin qönçələri tökülür, meyvə əmələ gəlmə dayanır və meyvələrin keyfiyyəti pisləşir. Badımcan bitkisi altında torpağın optimal nəmliyi onun tarla rütubət tutumunun 70-80%-i həddində olmalıdır.
Badımcanın torpağa və qida maddələrinə təlabatı. Badımcan humusla zəngin, mexaniki tərkibcə yüngül, yaxşı havalanan, çürüntülü torpalara tələbkardır.