Pomidorun havanın nisbi rütubətinə münasibəti. İstixana şəraitində pomidor bitkisi üçün havanın nisbi rütubəti 45-60 % hüdudunda saxlanılmalıdır. İstixanalarda havanın nisbi rütubətinin yüksəlməsi müxtəlif xəstəliklərin yaranmasına səbəb olur, çiçəkləmə dövründə tozlanma və mayalanmaya mənfi təsir göstərir. İstixanada rütubət rejimini nizamlamaq üçün sərinləşdirici süni suvarmalar və havalandırma aparılmalıdır.
Pomidorun işığa tələbatı. Pomidor yüksək işıqlanma intensivliyi tələb edən bitkidir. Öz vətənində (mərkəzi və cənubi Amerika) günün davametmə müddətinə görə pomidor qısa gün bitkisi (10-12 saat) olmasına baxmayaraq, gün ərzində işıqlı saatların davam etmə müddəti uzun olan zonalarda (13-18 saat) daha yaxşı inkişaf edir və bol məhsul verir. Müxtəlif sort və hibridlərdən aslı olaraq istixana şəraitində becərilən pomidor yüksək işıqlanma dərəcəsi (20000 luksə qədər) tələb edir. Günün işıqlanma dərəcəsinin 5-7 min luksə qədər azaldığı payız-qış fəslində istixanada becərilən pomidor bitkisi zəif inkişaf edir, meyvələrin yetişməsi dayanır, vegetasiya müddəti 30-50 günə qədər uzanır. İşıq rejiminin dəyişməsi bitkinin böyümə və inkişafına kəskin təsir edir. Belə ki, işıq az olduqda bitki qeyri – normal böyüyür, gövdə nazikləşir, meyvə əmələ gəlmə azalır və bitki xəstəlik və zərərvericilərə qarşı davamsız olur.
Pomidorun istixana havasına münasibəti. Pomidor bitkisi üçün istixana havasının tərkibində karbon qazının 0,1-0,15 % hüdudunda olması optimal hesab olunur.
Pomidorun torpağa və qida maddələrinə təlabatı. Pomidor torpaq münbitliyinə orta dərəcədə tələbkardır. Yüksək məhsul götürmək üçün qida maddələri ilə zəngin olan, məsaməli, yüngül, tez isinən torpaqlar daha məqsədə uyğundur. Pomidor bitkisi üçün torpaq mühitinin optimal reaksiyası - pH 5,5-7,0 hesab olunur. Pomidor əkini üçün torpağın xəstəlik və zərərvericilərdən təmizlənmiş olmasına diqqət etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, birinci il kartof, bibər, badımcan bitkiləri əkilən torpaqlarda ikinci il pomidor əkmək məqsədə uyğun deyil. Çünki, bu bitkilər eyni fəsiləyə aid olduqları üçün xəstəlik və zərərvericiləri də eynidir. Pomidor üçün ən yaxşı sələf bitkiləri xiyar, kələm, dənli paxlalı bitkilər, kökümeyvəlilər və bostan bitkiləri sayılır.
Pomidor bitkisi torpaqdan məhsulu (təxminən meyvəsinin kütləsinin 1%-i qədər) ilə kifayət qədər mineral maddələr mənimnsəyir. Pomidor torpaqdan ən çox kalium, sonra isə azot mənimsəyir. Pomidor fosforu kaliumla müqayisədə 5 dəfə, azotla müqayisədə isə 2 dəfə az mənimsəyir. Pomidor bitkisi fosfora ən çox çiçəkləməyə qədər və meyvənin böyümə dövründə təlabat göstərir. Azot çatışmadıqda pomidor bitkisinin gövdəsi və yarpaqları zəif inkişaf edir və məhsuldarlıq azalır. Azot artıqlığı isə pomidorun meyvələrinin yetişməsini ləngidir, bitkinin xəstəliklərə, aşağı temperatura qarşı davamlılığını azaldır, meyvədə quru maddənin və şəkərin toplanmasını zəiflədir. Fosfor pomidor bitkisinin meyvələrinin tez yetişməsinə, kök sisteminin böyüməsinə və çiçəkləmənin erkən baş verməsinə müsbət təsir göstərir.