- Pomidor bitkisinin çiçək qrupu sadə, azşaxəli və mürəkkəb olub, əksər halda çiçəklərində 5 kasa yarpağı, 6 ləçək, 5 erkəkcik toz kisəsi, 1 ədəd 2 yuvalı dişicik olur (Şəkil 1.7).
Şəkil 1.7. Pomidor bitkisinin çiçəyi və meyvəsi
Pomidor bitkisinin özünəməxsus bioloji xüsusiyyətləri vardır:
- Pomidor bitkisindən becərildiyi dövr ərzində bir ildə iki dəfə yetişmiş toxum almaq olur. Bu xüsusiyyət həm də onun dövrü məhsul verməsi ilə əlaqədardır. Belə ki, birinci dövrdə bitki böyüyür, çoxlu yarpaq, budaq və çiçək əmələ gətirir. Meyvələr kütləvi surətdə iriləşib yetişdikdə bitkinin böyüməsi zəifləyir, yarpaqlar quruyur və pamidorun şaxı birinci dövr üzrə öz inkişafını başa çatdırır. İkinci dövrdə kolun aşağı hissəsində, kök boğazına yaxın hissədə zoğlar əmələ gəlir, onlar kolu bərpa edir və normal hava şəraitində inkişaf edərək ikinci dövr üzrə məhsul verə bilirlər.
- Pomidorun tumurcuqları və zoğları tezyetişəndir. Gövdə üzərində oyanan tumurcuq 15-20 günə qədər yarpaqlı zoğ verir və onun üzərində çiçək açılır.
- Pomidorun çiçək qrupunda həm erkəcik və həm də dişicik olduğuna görə özü-özünə tozlanır və çiçək açılanda artıq mayalanmış olur.
- Pomidorun zoğu onun bicləri hesab olunur və bu biclər yarpaq qoltuğunda əmələ gəlirlər. Kola forma verdikdə biclər qoparılır.
- Pomidorun meyvələri süd, qonur, sarıköynək və tam yetişkənlik kimi yetişmə fazaları keçirir. Sortlardan asılı olaraq tam yetişmiş meyvələrin rəngi müxtəlif olur (qırmızı, sarı, qara). Yeni formalaşmış meyvələrin rəngi yaşıl olur.