Xiyar bitkisinin suya münasibəti aşağıda təsvir edilmişdir:
Havanın nisbi rütubətinə münasibəti. İstixana şəraitində xiyar bitkisi üçün havanın nisbi rütubəti bar vermə dövrünə qədər 75-80 %, bar vermə dövründə isə 80-85 % hüdudunda saxlanılmalıdır. İstixanalarda havanın nisbi rütubətini qeyd olunan optimal həddə saxlamaq üçün bəzən süni yağışyağdırma aparılır və bu da xiyarın toxumalarında hüceyrə şirəsinin lazımi konsentrasiyasını (qatılıq) 6-7 % hüdudunda saxlamağa imkan verir.
Xiyarın işağa tələbatı. xiyar mənşəcə tropik bitki olduğu üçün qısa gün bitkisi hesab olunur. İşığa təlabatı pomidor bitkisinə nisbətən azdır. Açıq şəraitdə becərilən sortlarla müqayisədə, uzun illərin seleksiya işləri nəticəsində yaradılan xiyarın istixana sortları günün uzunluğuna və işığa az tələbat göstərirlər.
Xiyarın istixana havasına münasibəti. Çox saylı təcrübələr göstərir ki, istixana havasının tərkibində karbon qazının 0,15-0,20 % hüdudunda olması xiyarın məhsuldarlığını 50-100% artırır. İstixanaya süni şəkildə karbon qazının verilməsi nəticəsində xiyarın yarpaqlarında karbohidratların, xlorofilin miqdarı artır, yarpaq səthi genişlənir, bitkinin inkişafı yaxşılaşır və məhsuldarlıq yüksəlir.
Xiyarın torpağa və qida maddələrinə tələbatı. xiyar bitkisi yumşaq, yaxşı havalanan, üzvi maddələrlə zəngin (çürüntülü) münbit torpaqda yaxşı inkişaf edir. Çay sahili subasar torpaqlarda, xam, dincə qoyulmuş, çoxillik paxlalı otlar altından çıxmış çürüntülü torpaqlarda yüksək və keyfiyyətli məhsul verir. Xiyar neytral rekasiyalı (pH 6,5-7,5) torpağa tələbat göstərir. Turş, qələvi, duzlu, məhlulunun sıxlığı yüksək olan torpaqlar xiyar üçün əlverişsiz hesab olunur.
Xiyar torpaqdan məhsulla az qida maddələri mənimsəyən bitkilərdəndir. Lakin açıq şəraitlə müqayisədə istixanada becərilən xiyar yüksək məhsul verdiyinə görə torpaqdan daha çox qida maddələri götürür. Müxtəlif sortlardan və becərilmə şəraitindən asılı olaraq istixanada becərilən xiyar 1 ton məhsulun əmələ gəlməsi üçün torpaqdan orta hesabla aşağıdakı miqdarda əsas qida maddələrini mənimsəyir: