Bibər aşağıdakı müalicəvi əhəmiyyətə malikdir:
1.2. Meyvəli tərəvəz bitkilərinin (örtülü şəraitdə - şüşə və ya plyonka) bioloji xüsusiyyətləri və torpaq-iqlim şəraitinə münasibəti
Əziz şagirdlər! Meyvəli tərəvəz bitkilərindən yüksək məhsul əldə etmək üçün onları tanımaq lazımdır. Yəni, bitkinin quruluşunu, onun orqanlarını tanımadan, bioloji xüsusiyyətlərini və həyat amillərinə təlabatını (suya, istiliyə, işığa, torpaq və qida maddələrinə münasibəti) bilmədən düzgün becərmə işləri aparmaq və yüksək məhsul əldə etmək mümkün olmur. Xüsusilə də, bu məsələlərin öyrənilməsi örtülü şəraitdə meyvəli tərəvəz bitkilərinin becərilməsi üçün olduqca olduqca vacibdir.
Burada meyvəli tərəvəz bitkilərinin quruluşu, onların əsas orqanları, botaniki təsnifatı, suya, istiliyə, işığa, torpaq və qida maddələrinə olan tələbatı və s. məsələlər haqqında qeyd olunmuşdur.
Əziz şagirdlər! Siz bu biliklərə yiyələnməklə meyvəli tərəvəz bitkilərinin bioloji xüsusiyyətləri, onların normal inkişafı üçün mühit amillərinə münasibəti və bu amillərin nizamlanması istiqamətində geniş təsəvvürə malik olacaqsınız və bir sıra bacarıqlar əldə edəcəksiniz.
1.2.1. Xiyar bitkisinin bioloji xüsusiyyətləri və torpaq-iqlim şəraitinə münasibəti
Xiyar bitkisinin botaniki təsnifatı
Xiyar (Cucumis sativus L.) bitkisinin mənşəyi cənub-şərqi Asiyanın tropik zonaları hesab edilir. Bu baxımdan xiyar mənşəcə tropik ölkə bitkisi adladırılır. Mənşə etibarı ilə xiyar bitkisinin qısa meyvəli formaları Hindistanda, uzun meyvəli formaları isə Cənubi Çində, Hindi Çində və Vyetnamda əmələ gəlmişdir. Xiyar ilk mənşə yerinə görə meşə bitkisi hesab olunur. Bütün xiyar formalarının ilk mənşəyi tropik rütubətli meşə və kolluqlarda formalaşmışdır ki, bu da ona gövdələrinin sarmaşması (lian), köklərinin torpağın üst çürüntülü qatında yayılması, istiliyə və rütubətə çox tələbkar və qısa gün bitkisi olması kimi xüsusiyyətlər qazandırmışdır.