6.1. Meyvəli tərəvəz bitkilərinin məhsulunun yığılması və qablaşdırılması qaydaları
Pomidor məhsulunun yığılması və qablaşdırılması. Örtülü şəraitdə əkin vaxtından asılı olaraq pomidorun yığım vaxtı müxtəlifdir.
Pomidor məhsulunun yığımı mütəmadi olaraq aparılır. Xüsusilə faraş sortların yığımı 4-5 gündən bir, kütləvi yetişmə dövründə isə 3-4 gündən bir aparılmalıdır. Yığıma 2-3 gün qalmış suvarma dayandırılmalı və yığımdan sonra torpağın nəmlik dərəcəsindən asılı olaraq suvarılmalıdır.
Meyvələr qonur yetişkənlik fazasında olduqda yığılması məsləhətdir. Məhsul uzaq şimal ölkələrinə göndəriləcəksə daha tez süd yetişkənlik fazasında yığılır. Məhsulun bu yetişkənlik fazasında yığılması sonrakı meyvələrin daha tez yetişməsinə şərait yaradır. Məhsul əl ilə yığılır. Məhsul yığılarkən meyvələr ehtiyatla qoparılmalıdır ki, çiçək salxımı zədələnməsin və bitki şpalerdən sivrilib düşməsin. Meyvə saplaqlı və saplaqsız yığıla bilər. Meyvələr yığıldıqdan sonra çeşidlərə ayrılaraq xəstə,zədəli və çox xırdalar seçilir. Məhsul standart taralara qablanaraq realizə edilir.
Sortlardan, istixananın qızdırılması müddəti və bitki üzərində saxlanan çiçək salxımının miqdarından asılı olaraq yaz istixanasının hər m2 sahəsindən 7-15 kq məhsul götürmək olur.
Yığımın gecikdirilməsi məhsuldarlığı aşağı salır, məhsulun keyfiyyətini pisləşdirir, nəticədə tağlar vaxtından əvvəl quruyur və xeyli itkiyə səbəb olur. Odur ki, yerli istifadə üçün meyvələr tam yetişmiş və çəhrayı yetişmə dövründə dərilir. Payız vaxtları isə istifadə və satış üçün tam yetişməmiş, süd yetişkənliyi halında məhsulun yığımına və satışına yol verilir.
Yaxın məsafələrə nəql etmək üçün meyvələr çəhrayı və almor halda yığılaraq göndərilir. Uzaq məsafələrə nəqliyyat vasitələri və gəmi ilə göndərildikdə isə süd yetişkənliyi dövründə yığım aparılır və xüsusi taralarda qablaşdırılır. Pomidor işlədilmə təyinatına əsasən bir neçə sort müxtəlifliyinə bölünür. Bunlardan süfrə sortlarını, konserv sənayesi üçün sortları (pasta, marinad, şirə) və uzaq məsafələrə göndərilən sortları misal göstərmək olar. Digər tərəfdən yetişmə dərəcəsinə görə tez yetişən, orta tez yetişən, orta gec yetişən və gec yetişən sortlara ayrılır. Odur ki, yığım vaxtı hər bir sort ayrılmalı və öz təyinatına uyğun satışa göndərilməlidir. Pomidor tez xarab olan məhsullar sırasına daxil olduğu üçün mövcud qablaşdırma, çeşidlənmə üsullarına düzgün riayət olunmalıdır.
Əsasən pomidor meyvələri standarta uyğun olaraq taxta, plastmas qablarda satış üçün göndərilir.
Təkrar və gec yetişən pomidor sortları ilə əkin keçirildikdə vegetasiyanın sonunda meyvələrin çox hissəsi qızarmır. Bu məqsədlə tam yetişməmiş meyvələr yığılaraq qızarmağa qoyulur və yaxud xüsusi soyuducularda saxlanılaraq istifadə olunur. Yeşıklərdə pomidor 2 cərgədən artıq qablaşdırılmır. Yaxşı olar ki, standarta uyğun olaraq 1,5 yaxud 24 №-li qablardan istifadə olunsun.
Xiyar məhsulunun yığılması və qablaşdırılması. Xiyar məhsulunun yığımı xüsusi qayğı tələb edir.