Sabahgülü (barxates). Qurudulmuş, xırda doğranmış bitgi vedrənin yarsına qədər doldurulur, üzərinə vedrə dolana qədər isti su tökülərək, iki gün saxlanılır. Süzülərək üzərinə 40 qram xırdalanmış təsərrüfat sabunu əlavə edərək kol bitgilərində mənənəyə qarşı istifadə olunur.
Bat-bat (belena). Yarpaqları xırda doğranmış və ya qurudularaq narın döyülmüş halda 1 kq xammala 10 litr isti su tökməklə 12 saat saxlınılır. Süzdükdən sonra 10 litrə 40 qram sabun əlavə etməklə mənənəyə, gənəyə, bitgi taxtabitinə qarşı istifadə olunur.
Qoz yarpağı. 100 qram təzə qoz yarpağına 2 litr su əlavə edilib 10 dəqiqə qaynadılır. Bu məhlulun 200 qramına 10 litr su əlavə edilib bitkiyə çilənir. Kartofdan və badımcandan kolorado böcəyini qaçırır.
Dəli bəng otu (durman). 1 kq quru xırdalanmış xammala, 10 l isti su töküb 12 saat saxlanılır. Süzülərək xiyarda mənənə, taxtabiti, hörümçək gənəsinə qarşı istifadə olunur.
Pomidor. Cövhəri hazırlamaq üçün onun sağlam yerüstü hissəsindən və kökündən istifadə edilir. Bunun üçün bicvurma apardıqda və məhsul yığımından sonra tədarük edilir. 4 kq pomidor kolu üzərinə 10 litr isti su əlavə edilib 3-4 saat saxlanılır. Soyuduqdan sonra süzülüb şüşə qablara doldurulub, ağzı möhəkəm bağlanır sərin yerdə qaranlıqda saxlanılır. Bir ilə qədər saxlamaq mümkündür. Məhlul hazırlamaq üçün 1 litr cövhərə 2 litr su əlavə edilir. Hər 10 litr məhlula isə 40 qram təsərrüfat sabunu əlavə edərək çiləmə aparılır.
Qurudulmuş pomidor kolu və kökündən həlim hazırlamaq üçün 1 kq xammala 10 litr su əlavə edilir, 4-5 saat saxlanılır, sonra 2-3 saat qaynadılır, soyudularaq süzülür. İstifadə etdikdə 1 litrinə 2 litr su əlavə edilir, 10 litr məhlula 40 qram təsərrüfat sabunu qatılır.
Pomidordan hazırlanmış dərmanla mənənəyə, tırtıllara, kələm ağ kəpənəyinə, güvəyə, birəciklərə, gənəyə, meyvəqurduna, yarpaq yeyən ziyanvericilərə qarşı mübarizə aparılır,
Kartof. 1,2 kq sağlam kolun xırdalanmış yaşıl kütləsinin üzərinə 10 litr isti su töküb 2-3 saat saxlanılır, sonra süzülür (10 litr suya 60-80 qram quru kütlədə götürmək olar). Məhlulla mənənəyə və hörümçək gənəsinə qarşı çiləmə aparılır.
Pıtraq (lopux). Yarpağı xırda doğranaraq, kipləşdirilərək vedrənin 2/3 hissəsinə qədər doldurulur. Vedrə dolanadək isti su əlavə edilir. 3 gün saxlanılır, süzülərək kələmdə sovkaya, ağ kəpənəyə, güvəyə qarşı istifadə olunur.
Soğan. 200 qram soğan qabığı 10 litr isti suya tökülərək 4-5 gün saxlanılır. Sonra süzülərək ondan kələmi mənənə və tor gənəcəyindən qorumaq üçün istifadə edilir. Çiləmə hər 5 gündən bir, vegetasiya ərzində 3 dəfə aparılır.
Acı bibər. 100 qram təzə, xırda doğranmış bibər bir litr suda, zəif odda 1 saat qaynadılır, soyudulur, 2 gün saxlanılır (şüşə qabda). 50 qram məhlulun üzərinə 10 litr su əlavə edilərək xırda tırtıllara qırşı istifadə olunur. İlbizlərə qarşı mübarizə aparmaq üçün 500 qram acı bibər xırdalanır, bir saat 5 litr suda qaynadılır, məhlul şüşə qabda 2-3 gün saxlanılır. Bu qarışıqdan 0,5 litri 10 litr suda həll edilərək bitgilərə çilənir.
Yovşan. Çiçəkləmə vaxtı yığılaraq, soluxdurulur, bir kiloqram kütlə 15 dəqiqə bir qədər suda qaynadılır, soyudulur, süzülür. 10 litr su ilə duruldulur hər 7 gündən bir yarpaqyeyən tırtıllara qarşı çilədikdə onları məhv edir.