5.4. Pestisidlərdən istifadə qaydaları, onlara qoyulan ekoloji tələblər və GLOBAL GAP prinsipləri
İstixanada zəhərli kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməli, müvafiq geyim və ləvazimatlardan istifadə olunmalıdır. Mübarizə tədbirlərində istifadə edilən preparatların xarakterinə uyğun olaraq müxtəlif fərdi mühafizə vasitələrindən istifadə edilməsi tövsiyə edilir. Bu məqsədlə dərini qorumaq üçün əlcəklərdən, çəkmələrdən, kombinizonlardan, nəfəs yollarını qorumaq üçün əlehiqazlardan, respiratorlardan, xüsusi hazırlanmış maskalardan istifadə edilir. Maye şəklində olan preparatlarla işlədikdə rezin mühafizə vasitələri işlədilməlidir . İş başa çatdıqdan sonra mühafizə vasitələri təmzilənərək zərərsizləşdirilməlidir. İşlədilmiş fərdi mühafizə vasitələrini təmizləmək üçün 25 qram sabun, 5 qram soda, 1 L suya tökülərək hazırlanmış xüsusi məhluldan istifadə edilə bilər.
İstixanada istifadə edilən zəhərli-kimyəvi maddələr xüsusi bağlı yerlərdə saxlanılmalıdır.
Pestisidlərlərdən istifadə zamanı yemək, çay içmək və siqaret çəkmək yol verilməzdir. Heyvanların, arıların, quşların qorunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.
Yadda saxlamaq lazımdır ki, dərmanlama işləri havanın sərin vaxtları, səhər tezdən və yaxud axşam vaxtlarında həyata keçirilməlidir. Çünki, isti havada çilənmiş dərman tez buxarlanıb təsirini itirir, eyni zamanda da bitkilərin üzərinə düşən kimyəvi dərmanlar günəşin təsirindən bitkinin yarpaqlarını yandıra və ya zədələyə bilər.
Yalnız istifadəsinə icazə verilən sertifikatı olan preparatlardan istifadə olunması məsləhət görülür.
Preparatlarla işlədikdə saxlama, daşıma və istifadə zamanı təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlara əməl edilməli, ayrı-ayrı preparatların tətbiqi ilə bağlı metodik göstərişlərlə, təlimatlarla tanış olduqdan sonra işə başlamaq lazımdır. Dərmanlarla işləməyə yalnız 18 yaşına çatmış, müvafiq təlimat almış gənclərə icazə verilir. Südəmər uşağı olan və hamilə qadınlara dərmanlarla işləməyə icazə verilmir. Pensiya yaşında olan qocaların da pestisidlərlə işləməsi yol verilməzdir.
Dərmanların saxlandığı binalar yaşayış yerindən, fermalardan ən azı 200 m, su mənbələrindən 2000 m aralıda yerləşməlidir.
Dərman saxlanacaq anbar və binalarda ərzaq məhsullarının saxlanmasına icazə verilmir. Uçucu və hiqroskopik (nəm çəkən) olan preparatlar kip bağlanan taralarda saxlanılmalıdır. Tərkibində su, formalin, karbation, amin duzları olan preparatlar və bütün mineral yağ emulsiyaları qışda qızdırılan binalarda saxlanılmalıdır. Temperaturun aşağı düşməsi onların keyfiyyətinə təsir edir. Defoliyant (yarpaq tökən) kimi işlədilən maqnezium-xlorid və kalsium-xlorid preparatlarında öz-özünə yanma əmələ gəldiyindən onlar digər preparatlardan ayrıca saxlanılmalıdır.
Anbarda saxlanılan dərmanların qruplarını müəyyən etmək üçün taraların üzərinə - defoliyantlarda - ağ, inseksid və akarasidlərdə – qara; funqisidlərdə - yaşıl; toxum dərmanlayıcılarda - göy; gəmiricillər əleyhinə olan zoosidlərdə – sarı; herbisidlərdə isə qırmızı zolaq çəkilməlidir. Anbarlara kənar adamların daxil olmasına yol vermək olmaz.