Ədəbiyyatlarda göstərilir ki, qara bakterial ləkəlik xəstəliyi Avropanın cənub, cənub-şərq, eləcədə ABŞ-ın cənub rayonlarında geniş yayılmışdır. Azərbaycanda da bu xəstəliyin qeydə alınması haqqında məlumatlar mövcuddur. Yoluxmuş yarpaq və ya ləpələrdə su ilə zəngin düzgün olmayan formalı zədələnmiş sahəciklər meydana çıxır. Bunun nəticəsində yoluxmuş orqanlar nekrotikləşir və şəffaf mərkəzli tünd-qəhvəyi rəng alır. Zədələnmiş yerlər (ləkələr) qovuşa bilir, bu zaman nisbətən daha böyük nekrozlu ləkələr görünür. Xəstəlik güclü inkişaf edən zaman yarpaq toxumasının əhəmiyyətli hissəsi sirayətlənir və belə olduqda bütün yarpaq sarala və düşə bilir. Yoluxmuş meyvələrin səthində qəhvəyitəhər qarasulu zədələr əmələ gəlir, sonra onlar ölçücə irilənir və çürüyürlər. Bəzən qara bakterial ləkəlik xəstəliyini syringae növünün əmələ gətirdiyi bakteriozla səhv salırlar. Lakin qeyd edilməlidir ki, syringae növünün əmələ gətirdiyi bakterioz daha aşağı temperaturda baş verir. Bu amil hər iki xəstəliyi fərqləndirməyə kömək edir. Pseudomonas syringae pv. Syringae bakteriyası geniş müsbət temperatur həddində 5,5-51 0C inkişaf edə bilir. Bakteriya günəş şüalarına qarşı həssasdır və qurumağa meyillidir.Vegetasiya dövrü xəstəlik törədicisi külək və yağış damcıları ilə yayılırlar. Bakteriya bitkiyə təbii yollar və yara yerlərindən daxil olur.Yüksək rütubət və mülayim temperatur xəstəliyin yayılmasında və inkişafında həlledici rol oynayır. Xəstəlik törədicinin inkişafı üçün optimal temperatur 33-340C hesab edilir.Xəstəliyin törədicisi vegetasiya dövrü əsasən külək və yağış damcıları ilə yayılır. Xəstəliyin zərəri onun inkişaf dərəcəsindən asılıdır. Məhsul itkisi bəzən 15-20%-ə çatır. Xəstəliyə qarşı demək olarki, davamlı sortlar yoxdur.
Mübarizə tədbirləri. Sağlam, sirayətlənməmiş sahələrdən toxum materialı tədarük edilməli, səpin elit toxumlarla həyata keçirilməlidir. Toxum materialı yaxşı təmizlənməli, sortlaşdırılmalı, səpindən əvvəl toxum dərmanları ilə işlənməlidir. Bunun üçün fentiuram, taçiqaren kimi toxum dərmanlarından istifadə edilir.
5.1.3.8. Bibər və badımcanın gövdəvə meyvə ayaqcıqlarının bakterial xərçəngi (Erwinia carotovora subsp. Carotovora(Jones) Bergey, Harrison)
Təsnifatda yeri. Qrammənfi fakültətiv aerob çubuqlar qrupu, Enterobacteriaeae fəsiləsi, Erwinia cinsi.
Bioloji qrupu. Nekrotrof
Xəstəlik dünyanın bibər becərilən əksər ölkələrində yayılmışdır. Xəstəlik törədicisi olan bakteriyalara MDB məkanında ən çox Moldova, Ukrayna, Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsində, Gürcüstanda rast gəlinir. Bu xəstəlik ölkəmizdə də qeydə alınmışdır.