5.1.3. Badımcan və bibər bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Bibər və badımcan bitkiləri müxtəlif göbələk və virus xəstəliklərinə yoluxur. Xəstəliklərlə güclü yoluxma havanın və torpağın yüksək nəmliyindən, temperaturun aşağı olmasından (160C aşağı) və əkinlərin sıx aparılması zamanı daha çox müşahidə olunur.
Bibər və badımcan bitkilərində ən geniş yayılmış xəstəliklər:
Vertisillioz soluxma. Vertisillioz soluxma törədicisi mikroskopik göbələklərdir. Çox geniş yayılmışdır və hər il məhsuldarlığın aşağı düşməsinə təsir edir. Bu xəstəliyin üç növü müəyyənləşdirilmişdir: cırtdan (xüsusilə təhlükəlidir), qonur və yaşıl. Xəstəlik bitkinin aşağı yarusunda yerləşən yarpaqların soluxmasından başlayır. Cırtdan və qonur formasında soluxmuş yarpaqlar qonurlaşır, quruyur, turqornu (şax durumu) itirir, yarpağın hissələri saralırlar, yaşılda isə yarpaqlar rəngini dəyişmədən əkindən 30-40 gün sonra çox vaxtı kütləvi barvermə zamanı quruyurlar. Köklərin və gövdənin sağlam görünməsinə baxmayaraq onların damar sistemində qonurluq müşahidə olunur.
Fuzarioz soluxma. Fuzarioz soluxma (vilet) göbələk xəstəliyidir. Gövdənin və kökün köndələn kəsiyində damar sisteminin qonurluğu görsənir. Xəstəliyə tutulmuş bitkilərin yarpaqları saralıb soluxur, təpə hissəsində olan cavan budaqların soluxması ilə biruzə verilir. Yoluxmuş bitkilər 5-30 gündən sonra məhv olurlar.
Hər iki növ xəstəliklə mübarizə üçün sistem preparatları hələki yoxdur. Odur ki, onlarla mübarizədə əsas aqrotexniki tədbirlərin aparılmasına yer verilməlidir. Onun üçün növbəli əkin tətbiq olunmalı, bitki qalıqları sahədən yığılıb məhv edilməli, toxumlar dərmanlanmalı, bitkinin inkişafı üçün optimal şərait yaradılmalıdır, mütəmadi olaraq cərgəaraları yumşaldılmalıdır. Ən yaxşısı isə bu xəstəliyə davamlı sortlar əkilməlidir.
Boz çürümə. Göbələk xəstəliyidir. İl boyu bitkinin bütün hissələrini zədələyir. Zəif inkişaf etmiş bitkilərdə boz ləkələr əmələ gələrək, sonra isə onlar tünd-boz olaraq sporlarla örtülürlər. Həmin sporlar çox tez yayılmağa başlayırlar, xüsusi ilə sıx əkinlərdə və rütubət çox olduqda bu xəstəlik daha çox ziyan vurur.
Bu xəstəliklə mübarizədə aqrotexniki tədbirlərə riayət olunmalıdır. Əsasən də bibər bitkisinin yanında digər quşüzümü fəsiləsindən olan və bu xəstəliklə yoluxmaya meyilli bitkilərin əkilməsi yol verilməzdir. Bundan başqa istixanalarda dezinfeksiya məqsədilə kükürd yandırılmalı, optimal nəmliyə riayət olunmalı, yoluxmuş bitkilər məhv edilməlidir.
Alternarioz (qəhvəyi xal-xallıq). Göbələk xəstəliyidir. Bitkinin yarpaq, gövdə və meyvələrini zədələyir. Bundan başqa məhsulun daşınması zamanı çox böyük itkilərə səbəb olur. Xəstəliyin ilkin əlamətləri əksərən şitillərin becərilməsi zamanı büruzə verir və kütləvi barvermə dövrü ən geniş inkişaf edir. İlkin olaraq yarpaqlarda sulu xallar əmələ gəlir, onlar quruyaraq, tünd qəhvəyi rəng alırlar, sonra isə batıqlar əmələ gəlir; meyvələrdə isə saplaqdan başlayaraq iri batıq tünd ləkələr əmələ gəlirlər. Bu xəstəlik məhsulun 30% itkisinə səbəb ola bilir və bunun inkişafı üçün ən əlverişli şərait yüksək nəmlik və hava temperaturu 20-250S olduqda baş verir.
Bu xəstəliklə mübarizədə profilaktiki tədbirlər çox böyük əhəmiyyət kəsb edirlər.