Dərmanlama hər 10 gündən bir təkrar edilməlidir.
Yarpaqda boz ləkəlilik və yarpağın kiflənməsi. əsasən istixanada pomidor bitkisinə ziyan vuraraq, əvvəlcə bitkinin aşağı, sonra isə yuxarı yarpaqlarını zədələyir. Yarpaqların üst səthində sarımtıl ləkələr, alt tərəfində isə kif örtüyü əmələ gələrək yarpaq saralır və quruyur. Hava rütubəti 80%-dən yüksək, istilik isə 22-25ºC olduqda xəstəlik daha sürətlə inkişaf edir. Xəstəliyi törədən göbələk bitki qalıqları üzərində qışlayır.
Xəstəliklə mübarizə məqsədilə istixana müntəzəm havalandırılaraq istilik və hava rütubəti normal səviyyədə saxlanılmalı, gündüzlə gecə arasında temperatur fərqinin çoxalmasına yol verilməməlidir. Kimyəvi mübarizə makrosporios xəstəliyinə qarşı mübarizə tədbirində olduğu kimidir.
Təpə çürüməsi. Xəstəlik nəticəsində meyvənin təpə hissəsində tünd yaşıl, sulu ləkə əmələ gəlir. Sonra həmin ləkələr bərkiyir, nəticədə meyvələr çürüyür. Xəstələnmiş meyvələr vaxtından əvvəl qızarır. Xəstəlik istixanada istilik normadan yüksək, torpaqda rütubət və kalsium az olduqda daha çox ziyan vurur. Xəstəliyin törədicisi olan bakteriyalar toxum, torpaq və bitki qalıqlarında qışlayır.
Xəstəliklə mübarizə üçün istixanadan bitki qalıqları təmizlənib məhv edilməli, suvarma vaxtında aparılmalı, gübrələr normal dozada verilməli, xəstəliyə yoluxmuş istixanada pomidor
3-4 ildən sonra becərilməlidir. Xəstəliyin inkişafını dayandırmaq üçün meyvə əmələ gəlməsi dövründə bitkilərə həftədə 1-2 dəfə 0.5-1%-li kalsium nitrat məhlulu çilənməlidir. Toxum səpindən əvvəl 0.5%-li kalsium-permanqanat məhlulunda bir sutka saxlanılmalıdır.
Yarpaq bükülməsi. Xəstəliyi əlverişsiz xarici şərait amilləri nəticəsində əmələ gəlir. Xəstəliyə tutulmuş bitkilətrin yarpaqları orta damar boyunca yuxarıya doğru boru şəklində bükülür. Nəticədə məhsuldarıq xeyli azalır. Xəstəlik-bicvurma gecikdikdə, torpaq və hava rütubəti azaldıqda, fosfor gübrəsi normadan az olduqda və bitkinin kök sistemi zəif inkişaf etdikdə əmələ gəlir.
Xəstəliklə mübarizə məqsədilə bitkilərə qulluq işləri vaxtında və yüksək səviyyədə aparılmalıdır.
Bakterial xərçəng. Törədicisi bakteriyadır. Bakteriyalar yarpaqları, gövdələri və meyvələri zədələyir. Bitkilərin əvvəlcə aşağı yarpaqları, sonra isə yuxarı yarpaqları yoluxur. Yarpaqlarda qonur ləkələr əmələ gəlir, sonra bu yarpaqlar quruyur. Gövdə və budaqlarda tünd zolaqlar və yarıqlar görünür. Xəstələnmiş gövdələrin kəsiyində tünd-qəhvəyi ləkələr olur. Xəstəlik göy meyvədə xırda çatları olan ağ, yetişmiş meyvədə isə qonur rəngli ləkələrlə seçilir. Ləkələr quş gözünə oxşadığına görə onlara “quş gözü” deyilir. Bakteriya qışı toxumlarda və bitki qalıqlarında keçirir, xəstəlik toxumlarla yayılır.
Qara ləkəlilik. Törədicisi bakteriyadır. Şitil vaxtından başlayaraq meyvə yetişənə qədər bitkinin bütün yerüstü orqanlarını zədələyir. Yarpaqlarda əvvəlcə xırda sulu, sonra qaralan ləkələr əmələ gəlirlər. Yaşlı bitkilərdə əvvəl yarpaqların qıraqları qaralır. Ləkələrin ətrafında toxumalar saralır və yarpaqlar quruyub məhv olurlar.