Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Azərbaycanın örtülü tərəvəzçilik bölgələrinin əlverişli iqlim şəraiti burada istixanaların isidilməsinə az vəsait sərf etməklə bütün il boyu istiyə tələbkar tərəvəz bitkilərindən yüksək və keyfiyyətli məhsul götürməyə imkan verir. Açıq sahə ilə müqayisədə örtülü şəraitdə tərəvəz istehsalı iqtisadi cəhətdən olduqca səmərəlidir. Örtülü sahədə əsasən meyvəli tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Bu bitkilərin meyvələri qiymətli ərzaq məhsulu olmaqla onlardan təzə, qurudulmuş, duza qoyulmuş halda, o cümlədən ət və digər məhsulların konservləşdirilməsində geniş istifadə edilir. Pomidor, xiyar, badımcan və bibər bitkilərinin meyvələrinin tərkibi insan orqanizmi üçün faydalı olan bir sıra maddələrlə zəngindir. Onların meyvələrinin tərkibində zülal, şəkər, vitaminlər, turşular və s. vardır. Qeyd olunanlardan aydın olur ki, bu bitkilərin becərilməsinin xalq təsərrüfatı əhəmiyyəti böyükdür və onların istixanada becərilməsi isə olduqca gəlirlidir. Lakin örtülü şəraitdə meyvəli tərəvəz bitkilərini düzgün becərmək üçün onların bioloji-təsərrüfat xüsusiyyətlərinə bələd olmaq lazımdır. Bu bitkilərdən yüksək məhsul əldə etmək üçün onların oqranlarını tanımaq, torpaq-iqlim şəraitinə münasibətini bilmək, örtülü şəraitdə becərilən meyvəli tərəvəz bitkilərinin geniş yayılmış, satış qabiliyyətli sortlarını müəyyən etmək, onların seçilməsi və qiymətləndirilməsi qaydalarına yiyələnmək olduqca vacibdir.
Əziz şagirdlər! Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
İstixanada, torpaqlı və torpaqsız (hidroponika və akvaponika) şəraitdə becərilən, geniş yayılmış satış qabiliyyətli yerli və xarici sortları tanıyacaqsınız, onların seçilməsi və qiymətləndirilməsi qaydalarına dair bacarıqlar əldə edəcəksiniz