Xəstəliyin nəticəsində meyvələrdə sulu ləkələr əmələ gəlir, istifadəyə yaramır.
Bakterioz. Bakteriya xəstəliyidir, xüsusilə istixana şəraitində ziyan vurur. Xəstəliyə toxum dənələri, yarpaq və meyvələr yoluxur. Toxum dənələri üzərində açıq darçın rəngdə yaralar əmələ gəlir. Bəzən cücərtilər toxum qılafından çıxmış məhv olurlar. Yarpaqlarda açıq darçın rəngli, kunclu yağlı ləkələr əmələ gəlir. Yüksək rütubətli şəraitdə bu ləkələr böyüyür, zədələnmiş hissə qaralaraq qopub düşür, yarpaqlarda deşiklər açılır. Yarpaq saplağı, gövdə və meyvələrdə dairəvi yaralar baş verir. Rütubətli havada bu yaralar üzərində sarımtıl maye damcıları əmələ gəlir. Bakteriya koloniyalarından ibarət olan bu maye damcıları sağlam bitkiləri də zədələyirlər.
Gün ərzində havanın temperaturunun kəskin dəyişməsi və yüksək nəmlik infeksiyanın yayılmasını sürətləndirir.
Kök çürüməsi. Xəstəliyə əsasən xiyar bitkisi parnik və tunel tipli polietilen örtük altında tutulur. Xəstəliyin nişanələri yarpağın saralıb solması, inkişafının dayanması, yumurtalıqların düşməsi, meyvənin tam iriləşməməsi və kök boğazının qaralmasından ibarətdir. Torpaq temperaturunun kəskin dəyişilməsi, bitkilərin soyuq su ilə suvarılması, tez-tez üzvi gübrələrlə yemləmə verilməsi, xəstəliyin sürətlə inkişaf etməsinə şərait yaradır.
Alabəzəklik. Xəstəliyin adı, yaşıl və ağ alabəzəkli forması mövcuddur. Şitilin əkinindən bir ay sonra xiyarın yarpaqları ala bəzəkləşir, eybəcərləşir, saralır, solur və qıvrılır. Xəstəliyin təsirindən buğumaları qısalır, yarpaqlar kiçilərək quruyurlar. Meyvələr eybəcərləşir, səthi qabarıqlaşır, sarı-yaşıl və alabəzək olur. Xəstəlik bitkidən-bitkiyə qulluq işləri, məhsul yığımı vaxtı, şirə və mənənələr vasitəsilə keçir.
Mübarizə tədbirləri. İlk növbədə növbəli əkin sisteminə düzgün əməl edilməli, xəstəliyə davamlı sağlam toxumlar əldə olunmalı, toxumlar səpinqabağı mütləq dərmanlanmalıdır. Bitkilərin sıxlaşmasına yol verilməməli, havalanma üçün normal şərait yaradılmalı, suvarma rejiminə və digər aqrotexniki tədbirlərə düzgün riayət edilməlidir. Kimyəvi mübarizə üsulu ilə çiləmə suvarmadan sonra küləksiz havada sərin vaxtlar səhərlər saat 11-ə kimi, axşamlar isə saat 5-6-dan sonra aparılır.
Yalançı-unlu şehə qarşı Ridomil 72% 2,5kq/ha - 3 dəfə hər 3 gündən bir, Kurzat - 2,3-3 kq/ha 5 dəfə 5 gündən bir çiləmə aparılmalıdır. Bu preparatlardan örtülü əkinlərdə isə 10 litr 100 m2 3 dəfə 3 gündən çilənməlidir. Bordo mayesi 1% 10 litr/ha 3 dəfə 5 gündən bir çiləmə aparılmalıdır.
Unlu şehə. Toksin M 70%. 0,8-1 kq/ha, 0,2% 4 dəfə 7 gündən bir, Bayleton 5% 2-3 dəfə çiləmə aparılmalıdır.
Antraknoza. Kolloid kükürd 35%-li, Bordo mayesi 1%, Saprol 20% 0,5-1,0 kq/ha. Profilaktiki mübarizə məqsədilə axırıncı seyrəltmədən sonra vegetasiya dövründə. 10 l isti suda 20 q superfosfat, 7 q sidik cövhəri, 20 q kalium duzu, 2 q manqan-sulfat, 4 q mis kuporosu həll edərək hazırlanırmış məhlul üç dəfə bitkilərə çilənməlidir
Qonur ləkəlikə. Xəstəlik müşahidə olunduqda 1%-li Bordo məhlulu ilə bir neçə dəfə çiləmə aparılmalıdır.