5.1. Meyvəli tərəvəz bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Meyvəli tərəvəz bitkiləri müxtəlif göbələk, bakteriyal və virus mənşəli xəstəliklərinə yoluxur. Xəstəliklərlə güclü yoluxma havanın və torpağın yüksək nəmliyindən, temperaturun aşağı olmasından (160C aşağı) və əkinlərin sıx aparılması zamanı daha çox müşahidə olunur.
Hazırda tərəvəz bitkilərində, xüsusilə pomidorda, badımcan və bibərdə fitoftora, xiyar da isə unlu şeh geniş yayılan və təhlükəli xəstəliklərdən hesab edilir.
Xəstəliklərin inkişafına rütubət, temperaturun aşağı düşməsi və .s. amillər müsbət təsir edir. İstixanada bitki sıxlığı, günəş işıqlanmasının çatışmazlığı, pis havalanma xəstəliləri inkişafını intensivləşdirir.
Meyvəli tərəvəz bitkilərinin xəstəliklərinə qarşı səmərəli mübarizə onların düzgün diaqnostikasından asılıdır. Əgər bitkidə xəstəlik düzgün müayinə olunarsa, ona qarşı mübarizə asanlaşar. Belə ki, xəstəliyin inkişaf dərəcəsindən asılı olaraq müvafiq mübarizə üsulları (aqrotexniki, fiziki, kimyəvi və bioloji) seçilir .
5.1.1. Xiyar bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Xiyar bitkisi müxtəlif göbələk və bakterial xəstəliklərə tutulur. Azərbaycanda bu bitkiyə ən çox ziyan vuran unlu şeh, antraknoz, bakterioz, qonur ləkəlik, askoxitoz, kök çürüməsi, alabəzəkdir.
Yalançı unlu şeh (pernosparoz). Yalançı unlu şeh (pernosparoz) xiyarın ən qorxulu xəstəliyi sayılır. Xəstəliyə tutulmuş bitkilərin yarpaqlarının yuxarı hissəsində dairəvi və ya künclü yağlı sarımtıl-yaşıl ləkələr, alt tərəfində isə bozumtul-qara örtük əmələ gəlir. Xəstəliyə tutulmuş yarpaqlar saralaraq, quruyur və məhsuldarlıq kəskin azalır. Xəstəlik açıq sahədə çiçəkləmə və məhsulvermə fazasında, örtülü sahədə isə 3-4 yarpaq fazasında müşahidə edilir.
Havanın temperaturunun kəskin dəyişməsi və nəmliyin yüksək olması xəstəliyin daha sürətlə inkişafına səbəb olur.
Unlu şeh. Xiyar bitkisinə həm açıq, həm də örtülü sahədə ziyan vurur. Bitkinin yerüstü hissəsini, ən çox isə onun yarpaqlarını zədələyir. Onlarda ağ və bozumtul unlu örtük formasında olan ləkələr əmələ gəlir ki, bunlar da yarpaqların məhv olmasına gətirib çıxarır. İsti, quru havada gündəlik temperaturun tez-tez dəyişməsi xəstəliyin daha çox yayılmasına şərait yaradır.
Antroknoz. Bitkinin kök boğazında, yarpaq, gövdə və meyvələrində dairəvi formada 2-3 sm diametrində sarımtıl və ya qəhvəyi ləkələr əmələ gəlir. Ləkələr gövdə və meyvələrdə batıq əmələ gətirir. Xəstəliyə tutulmuş bitki quruyur. Yazda havaların çox yağmurlu, isti keçməsi və nisbi rütubətin 90%-dən yuxarı olması xəstəliyi daha sürətlə yayır.
Nisbi rütubət 54%-ə endikdə xəstəlik tamam dayanır.
Qonur ləkəlik. Xəstəlik xiyar bitkisinin əsasən meyvələrini, qismən yarpaq və gövdələrini həm örtülü, həm də açıq sahədə zədələyir. Yarpaqlarda qonur ləkə əmələ gəlir. Xəstəlik sonralar meyvə və gövdəyə keçir. İstilik azaldıqda, nisbi rütubət yüksək olduqda xəstəlik sürətlə inkişaf edir. Xiyarın yay səpinləri payızın əvvəllərində daha çox zədələnir.