4.2.3. Xiyar bitkisinin gübrələnməsi
İstixanada becərilən xiyarın ümumi tələb etdiyi azot, fosfor və kaliumun bir-birinə olan nisbəti (N:P:K) orta hesabla 33,7:13,6:52,7 təşkil edir. Bu orta nisbət bitkinin inkişaf fazalarından aslı olaraq dəyişir. Ona görə də bitkilərin qidalanması onların mövcud inkiaşf fazasına uyğun olmalıdır. Xiyarın normal inkişafı üçün onun mikroelementlərlə də təmin olunması da zəruridir.
Xiyar bitkisi üçün hər 7-10 gündən bir yemləmə gübrəsi verilir. Gübrənin verilmə dozası torpağın qidalılığı, bitkinin ümumi vəziyyəti, inkişaf fazası və hava şəraitindən asılıdır.Xiyar üçün mikrogübrələrlə (0,01%-li mis kuporosu, 0,005%-li bor turşusu, 0,005 %-li mangan-sulfat) yemləmə verilməsi məhsuldarlığı xeyli artırır. Gübrə məhlulu ayda iki dəfə hər m2 sahəyə 2 litr hesabı ilə sərf edilir. Bitkidə böyümə zəif olarsa, hər 10 litr suda 10 qram sidik cövhəri (karbamid) həll edilib verilməlidir. Xiyar təzə peyinə daha tələbkar olduğu üçün vegetasiya ərzində 2-3 dəfə suvarma suyu ilə peyin şirəsi axıdılması çox yaxşı nəticə verir.
Qida elementi | kq/ton məhsul |
Azot | 1,5-2,2 |
Fosfor | 0,8-1,2 |
Kalium | 2,7-4,5 |
Kalsium | 1,2-1,8 |
Maqnezium | 0,3-0,4 |
Cədvəl 4.15. İstixanada becərilən xiyar bitkisinin 1 ton məhsulla torpaqdan apardığı əsas qida elementləri