GİRİŞ
Hörmətli oxuyucu!
Bizə məlumdur ki, tərəvəzlər insanın gündəlik qidasında ən çox istifadə edilən məhsullardan hesab edilir. Tərəvəzlərin tərkibində insan orqanizmi üçün xeyrli olan karbohidratların, zülalların, vitaminlərin, mineral duzların, üzvü turşuların, aromatik maddələrin və qələvilərin olduğunu nəzərə alaraq, hər adam sutkada 300-400 qram müxtəlif tərəvəzlər yeməlidir. Bu gün tərəvəzçilik elminə məlum olan 1200-ə qədər mədəni və yabanı tərəvəz bitkiləri mövcuddur. Bu geniş qrupu təşkil edən tərəvəz bitkiləri yeyilən hissələrinə görə əsasən meyvəli tərəvəz bitkilərinə (pomidor, xiyar, badımcan, bibər, yemiş, qarpız, qabaq və s.), kökümeyvəlilərə (kök, çuğundur, ağ və qırmızı turp və s.), kökümsov gövdəlilərə (xardal), soğanaqlılara (baş soğan, sarmısaq və s.), yarpağı yeyilənlərə (kəvər, şüyüd, keşniş, reyhan, tərxun, nanə, ispanaq, kahı, ağbaş kələm və s.), boy zoğu yeyilənlərə (qulançar), çiçək qrupu yeyilənlərə (gül kələm, brokkoli və s.), göydəmeyvəlilərə (daş kələm), meyvə bədəni yeyilənlərə (göbələk-şampinonlar) bölünürlər. Biz sadalanan bu qrupun içərisində əsasən meyvəli tərəvəz bitkilərini tədris edəcəyik.
Tərəvəz bitkiləri açıq torpaq sahəsində və istixana-parnik şəraitində becərildiyinə görə birinciyə açıq, ikinciyə isə örtülü sahə tərəvəzçiliyi deyilir. Son dövrlərdə iqlim dəyişiklikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və s. çatışmazlıqlar açıq şəraitdə tərəvəz bitkilərinin becərilməsini çətinləşdirir. Belə olan halda bitkiləri əlverişsiz hava şəraitindən qorumaq üçün örtülü şəraitdə, yəni istixanada tərəvəz istehsalına ehtiyac yaranır. Bundan başqa əhalinin bütün il boyu təzə-tər tərəvəz məhsulları ilə təmin edilməsində örtülü sahə tərəvəzçiliyinin əhəmiyyəti böyükdür. Çünki, tərəvəz məhsulları az kalorili olub, əsas qida sayılmır, onların tərkibində insan orqanizmi üçün lazımi maddələrin zəngin olmasına baxmayaraq toplanıb qalmır və gündəlik maddələr mübadiləsində sərf olunub qurtarır. Bu baxımdan orqanizmin sağlam qalması üçün insan tərəvəzlə hər gün qidalanmalıdır və bu məsələdə örtülü sahə tərəvəzçiliyinin rolu böyükdür.
Örtülü sahədə əsasən meyvəli tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Bu baxımdan meyvəli tərəvəz bitkiləri (örtülü şəraitdə – şüşə və ya plyonka) adlı modulda pomidor, xiyar, badımcan və bibərin örtülü şəraitdə becərilmə texnologiyası haqqında şərh olunmuşdur.
Əziz təhsilalanlar! Siz bu modulda tədris olunan mövzuları mənimsəməklə xiyar, pomidor, badımcan və bibər bitkilərinin xalq təsərrüfatı əhəmiyyəti, həyat amillərinə münasibəti, bu bitkilərin örtülü şərait üçün satış qabiliyyətli, ən çox istifadə edilən sortları haqqında biliklər əldə edəcəksiniz. Bundan başqa meyvəli tərəvəz bitkilərinin toxum tədarükü və şitil istehsalı, istixanada, torpaqlı və torpaqsız (hidroponika və akvaponika) şəraitdə pomidor, xiyar, badımcan və bibər bitkilərinin becərilməsi qaydaları, ekoloji təmiz tərəvəz istehsalı yolları, məhsulunun yığılması, saxlanılması və satışa hazırlanması və s. haqqında bilik və bacarıqlara yiyələnəcəksiniz.