Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər, onun məhsuldarlığı 25-50% artır. Məsələn, adi şırımlarla suvarmada torpaqda olan ehtiyat qida maddələri, xüsusən humus qatı və verilən gübrələr daha çox yuyulur və torpaqda qida maddələrinin ehtiyatı azalır. Nəticədə, məhsulun formalaşması, fermentativ proseslərin getməsi və vitamin sintezi üçün qida maddələri azlıq təşkil edir, məhsulun tərkibi keyfiyyətcə dəyişir və məhsuldarlıq aşağı düşür. Bundan başqa adi şırımlarla suvarmada torpağın bütün məsamələri su ilə dolur və bir müddət bitkinin kökü havasızlıqdan əziyyət çəkir. Suvarmadan bir neçə gün sonra nəmlik azalır və növbəti suvarmaya qədər bitki quraqlıq keçirir. Beləliklə bitki bu müddətlərdə stres halı yaşayır və inkişafdan qalır ki, bu da məhsuldarlığa ciddi təsir göstərir. Lakin damcıvari suvarmada bitkinin kök yayılan qatı az-az damcılarla nəmləndirilir və torpaq məsamələri eyni vaxtda həm hava və həm də su ilə dolmuş olur ki, bu da bitkinin normal inkişafına zəmin yaradır.
Damcıvari üsul ilə daha az su ilə daha çox sahə suvarılır. Məsələn, adi şırımlarla suvarmada 800-1000 m3/ha su sərf edildiyi halda, damcıvari suvarmada bu rəqəm 200-400 m3/ha təşkili edir. Torpağın şum qatı kapilyar rütubət tutumu (su saxlayan məsamələri dolması) səviyyəsində daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanması baş vermədiyinə görə torpaq qabığında çatlar əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır.
Damcıvari suvarma sistemlərinin çatışmayan cəhəti: Su bulanıq olduqda sulayıcı boruların və xüsusilə damcıladıcıların tutulması, böyük sahələrdə damcıladıcılar arasında suvarma suyunun qeyri-bərabər paylanması; quraşdırma xərclərinin çox olması; plastmas bоruların gəmiricilər tərəfindən sıradan çıxarılması təhlükəsi və s. Lakin bu problemlərin həlli yolları vardır. Belə ki, damcıladıcılar arasında suvarma suyu qeyri-bərabər paylandıqda, bu onu göstərir ki, damcıladıcılardan bir neçəsinin gözü tutulub. Bu problemlə üzləşməmək üçün sistemə filtrlər quraşdırmaq və hər suvarmadan sonra sistemi yumaq və tam boşaltmaq lazımdır.
Damcıvari suvarmada polietilen borular əsas torpaq becərmələrindən sonra cərgəaralarına yerləşdirilir. Torpaqaltı damcılarla suvarma texnologiyasında isə polietilen borular torpağa 20-30 sm dərinliyində basdırılır. Suvarma zamanı su bir başa bitkinin kök sistemi yayılan qatına verilir. Torpağın üst hissəsi isə quru qalır ki, bu da torpaq səthində buxarlanmanı azaldır.
Damcıvari suvarma sistemində ən çox polietilen boru cərgəaraları üçün lazım gəlir. Bunun üçün əkiləcək bitkinin əkin sxemini dəqiq bilmək lazımdır.