4.1. Meyvəli tərəvəz bitkilərinin suvarılması
Meyvəli tərəvəz bitkilərindən yüksək məhsul götürmək üçün suvarma normal qaydada aparılmalıdır. Rütubət həddən artıq azaldıqda bitkinin məhv olmamasına baxmayaraq, böyümə dayanır, meyvələr xırdalaşır və turş olur, məhsuldarlıq isə kəskin surətdə azalır.
İstixana şəraitində becərilən pomidor bitkisi mövsümdən, hava şəraitindən asılı olaraq vegetasiya ərzində orta hesabla 10-15 dəfə və daha çox suvarılır. Ilk vaxtlar az su normaları ilə gec-gec suvarılır ki, torpaq çox soyumasın. Barvermə dövründə isə hər 3-4 gündən bir suvarma aparılır. Adətən, məhsul yığılıb sonra suvarılır. İlk vaxtlar şitillər az su normaları ilə gec-gec suvarılır ki, torpaq çox soyumasın. Çiçəkləməyə qədər 2-3 dəfə suvarılmalı, kütləvi çiçəkləmədən sonra suvarmanın sayı artırılmalıdır ki, əmələ gələn meyvələr iriləşsin. Birinci toxalanma ikinci suvarılmadan sonra aparılmalıdır və iş üzdən edilməlidir ki, şitilin yenicə əmələ gəlmiş kökləri zədələnməsin. Suvarma apararkən çalışmaq lazımdır ki, torpağın nəmliyi 70%-dən aşağı düşməsin. Suvarma norması hektara 500-600 m3-dir. Suvarmalar sərin vaxtlarda, səhərlər və axşamlar aparılmalıdır ki, qaysaq əmələ gəlməsin və bitkilər buxarlanma nəticəsində xəstəliklərə yoluxmasınlar.
Xiyar becərilən istixanada havanın nisbi rütubəti məhsulvermə fazasına qədər 75-80%, məhsulvermə fazasında isə 85-95% olmalıdır. Torpaq rütubəti onun ümumi su tutumunun 70-75%-i səviyəsində saxlanılmalıdır. Havanın nisbi rütubətini yüksəltmək üçün bitki suvarılarkən istixananın daxili divarları rezin boru vasitəsilə yağış yağdırma üsulu ilə suvarılır və müvəqqəti olaraq havalandırma dayandırılır. Suvarma şəraitdən asılı olaraq 10-15 dəfə aparılır. Həddindən artıq suvarma bitkilər üçün ziyanlıdır. Suvarma ilıq su (22-240C ) ilə, soyuq havada gündüz, isti havada isə axşamlar aparılmalıdır. Cavan bitkilər az suvarma norması, məhsulvermə fazasında isə çox suvarma norması ilə suvarılmalıdır.
Normal keyfiyyətli, yüksək məhsul almaq üçün badımcan tez-tez suvarılmalıdır. İstixanada becərilən badımcan bitkisində barvermə başlayana qədər 3-5 dəfə suvarma kifayət edir. Barvermə başlayandan sonra hər 5-7 gündən bir, bəzən 3-4 gündən bir suvarılır. Bu dövrdə gec-gec suvardıqda meyvələr gec böyüyür, xırdalaşır, acılaşır, məhsuldarlıq kəskin surətdə aşağı düşür. Həddindən çox suvarmaq da olmaz. Bu halda meyvələr tamsız olur.
Bibər bitkisinin şitilləri əkilən kimi suvarılmalıdır ki, torpaqla tez təmasda olsun və tutsun. Əgər sonralar əkində seyrəklik müşahidə edilərsə, yenə də seyrək yerlərə şitil əkilib, hər şitil 1 litr su ilə suvarılmalıdır.