Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Məlumdur ki, bitkilərin böyüməsi, inkişafı və yüksək məhsul verməsi onların normal şəkildə su və qida maddələri ilə təmin olunmasından asılıdır.
Artıq son dövrdə sudan səmərəli və qənaətlə istifadə olunması məqsədilə istixanalarda damcılı suvarma sistemi geniş tətbiq edilir. Damcıvari suvarmada polietilen borularla su damcılarla bir başa bitkinin qida sahəsinə verilir.
Bitkilərin qida maddələri ilə təmin olunmasında gübrələrin rolu böyükdür. Gübrələr torpağın münbitliyinin artırılmasında, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində və məhsulun keyfiyyətinin yaxşılaşmasında xüsusi əhəmiyyətə malikdir.
Bu bölmədə suvarma üsulları, damcı suvarma texnikası, meyvəli tərəvəz bitkilərinin suvarılma qaydası, suvarma suyuna olan təlabatın hesablanması, gübrələrin əhəmiyyəti, meyvəli tərəvəz bitkilərinin gübrələmə sistemi, fertiqasiya (gübrələrin suvarma suyu ilə verilməsi) və s. məsələlər ətraflı şərh edilmiş və mövzuya uyğun praktik tapşırıqlar verilmişdir.
Əziz şagirdlər! Siz bu bölmədə tədris olunan mövzuları öyrənməklə istixana şəraitində meyvəli tərəvəz bitkilərinin suvarılma və gübrələmə qaydalarını mənimsəyəcəksiniz, suvarma və gübrə normalarının hesablanması kimi praktik vərdişlərə yiyələnəcəksiniz. Siz qeyd olunan bilik və bacarıqlara yiyələnməklə, gələcəkdə ixtisaslı kadr kimi aqrar sahədə peşə fəaliyyətini uğurla davam etdirə biləcəksiniz.