Qeyd: İstixanada lampalar bir birindən elə məsafədə yerləşdirilməlidir ki, biri digərini tamamlasın və işıqlandırılmayan yer (kölgə) qalmasın.
Bu gün istixanaların süni işıqlandırılmasında istifadə edilən işıq lampalarının səmərəliliyini artırmaq üçün reflektorlardan istifadə edilir.
Reflektorlar lampanın arxa hissəsinə quraşdırılır və lampadan saçan işıq şüasının lazımsız yerə yanlara, yuxarılara səpələnməsinin qarşısını alır və işıq şüası birbaşa bitkinin üzərinə düşür (Şəkil 3.13 və Şəkil 3.14)
Yuxarıda göstərilən hesablama qaydası ilə yanaşı, istixana üçün tələb olunan işıq lampalarının sayının hesablanmasında aşağıdakı formuladan da istifadə etmək olar (Düstur 3.1):
𝐏 = 𝐋 ∗ 𝐇 ∗ 𝐁 ∗ 𝐊
𝐒
Düstur 3.1. İstixana üçün tələb olunan işıq lampalarının sayının hesablanmasının digər yolu
Burada:
P-İstixananı işıqlandıran bütün lampaların tələb etdiyi ümumi elektrik gücü, Vatt
L-İstixanada işıqlandırılan yerin uzunluğu, metr
H-İstixanada işıqlandırılan yerin eni, metr;
B-İstixanada bitkilərə lazım olan işıqlandırma dərəcəsi, lüks;
K-Lampa ilə bitki arasında olan məsafədən asılı olaraq işıq itkisini ifadə edən əmsal;
S-Lampanın işıq ötürməsi, lümen/Vatt.
Fərz edək ki, uzunluğu 10 metr (L) və eni 5 metr (H) olan, pomidor becərilən qış istixanasını 10000 lüks (B) işıqlanma dərəcəsində normal işıqlandırmaq üçün elektrik gücü 250 Vatt (W), işıq ötürməsi 108 lümen/Vatt (B) olan DNAT 250 lampalarından istifadə edilir. Bu lampaların bitkinin yuxarı uc nöqtəsindən təxminən 60 santimetr hündürlükdə quraşdırıldığını nəzərə alaraq işıq seli təxminən 2 dəfə (K) azalır. Onda qeyd olunanları nəzərə alaraq pomidor becərilən qış istixanasını 10000 lüks (B) işıqlanma dərəcəsində normal işıqlandırmaq üçün tələb olunan ümumi elektrik gücü aşağıdakı kimi hesablanır: